90 yaşlı professor: “Vəzifədən vaxtında getmək lazımdır, çox yaşamaq da bir şey deyil” 

 30-12-2022

“Gündə məni toya çağırırdılar. Azərbaycan toyları başdan-ayağa təhqirdir. Mən toylara getməməyə çalışıram. “Toy” hekayəsini yazdım, çap edib otağımda asmışdım. Kim gəlirdi, deyirdi, toydur, dəvətnamə gətirirdi, deyirdim, bax ora. Baxırdı, deyirdi, sağ olun. Toyxanaları bağlamaq lazımdır, o qədər şadlıq evini camaatdan oğurladıqları pullarla tikiblər”.

Bunu Bakupost.az-a müsahibəsində Azərbaycan Tibb Universitetinin ən uzunömürlü və ən stajlı professoru Rafiq Əsgərov deyib. 90 yaşlı professor tibb alimlərindən, institutundan, tələbələrdən və uzun ömrün sirlərindən danışıb. Müsahibəni təqdim edirik:

“Sevdiyim qıza görə Hərbi Tibbi Akademiyanı seçdim”

- Rafiq müəllim, ailənizdə, nəsildə sizə qədər həkim olubmu?

- Ailədə, nəsildə ilk həkim mənəm. Ata-anamın heç xəbərləri də yox idi. 6 saylı məktəbi bitirmişəm. Ata mülküm Axundov bağının yanında idi. Dostlarım cuhudlar (yəhudilər), ruslar idi. Heç bir pislik də görməmişəm onlardan. Ermənilər də çox idi. O vaxt vəzifəlilərin əksəriyyətinin arvadı yəhudi, rus idi. Dostlarım hamısı kitab oxuyan idi. Bir kitabı bir-birimizə ötürürdük. “Baksovet”də köhnə tarixi bina var, 3-cü mərtəbəsində daxili işlər naziri Ağasəlim Atakişiyev qalırdı. Oğluyla bir sinifdə oxuyurdum, Borislə. Əsl adı İbrahim idi. 1947-ci ildə “Qraf Monte Kristo” kitabı çıxmışdı, Borisdə var idi. Getdim o kitabı götürməyə. Qapını uca boylu arvad açdı. Nazirin arvadı yəhudi idi. Amiranə səslə dedi ki, “çto tebe nado?” (nə lazımdır?) Dedim, Borisin yanına gəlmişəm, mənə kitab verməlidir. Dedi, ayaqlarını sil, keç. Kitabı gətirdi, dedi, bir gün sonra qaytararsan. Sonra dedi, kitabı qəzetə bük. O vaxt qəzetdən kitablara üz çəkirdilər ki, xarab olmasın. Qorxumdan o kitabı gecə-gündüz oyuyub iki günə bitirdim.

Mircəfər Bağırovun oğlu da sinif yoldaşım idi: Volodya. O dövrdə oğurluq, alver, büdcə talamaq yox idi. Adamı gecəylə aparırdılar. Süleyman Vəzirov var idi, onu Bağırov neft vışkasında qəza zamanı görmüşdü. Neft fontan vururmuş, Bağırov da qəza yerinə gedir, görür ki, balacaboy bir mühəndis özünü ora-bura vurur, çox gözəl idarə edir hər şeyi. Soruşub ki, bu kimdir? Deyiblər, Vəzirov, mühəndisdir. Nə mühəndis? Səhəri Bağırov əmr verir, onu “Azneft”ə gətirirlər. Bağırov həmin qəza zamanı onu kəşf edir.

Mənim arzum Leninqradda Hərbi Tibbi Akademiyaya daxil olmaq idi. Bunun da öz tarixçəsi var. Mənim sevgilim var idi. Fəridə adlı bir qızı sevirdim. Elə sevgi idi ki, dəhşət. Onunla evlənmək üçün plan qurmuşdum. Fikrim o idi ki, Hərbi Akademiyaya girim, bir ulduz versinlər, maaş da 100 rubl, gəlib evlənim. 17 yaşım var idi. Yeddi nəfər Bakıdan göndərdilər. Ramiz Heydər vardı, xalq şairi, onunla dost idik. Mən ona dedim ki, sən yaxşı yazırsan, get ədəbiyyat sahəsinə. Onu Qorki adına İnstituta göndərdim. Mən də beş dəfə imtahan verdim, getdim-gəldim, qəbul olunmadım. Sonra o qız ərə getdi. Mən başa düşürdüm, qızı çox gözlətmək olmazdı. Akademiyaya qəbul ola bilmədim. Gəldim Bakıda Tibb İnstitutuna daxil oldum.

- Bəs necə oldu ki, məhz anatomiyanı seçdiniz? Həm də həkim olmadınız, universitetdə, kafedrada qaldınız?

- 3-cü kursda oxuyanda professor Balakişiyev pilləkənlərdə məni tutdu. Dedi, gəlib kömək edə bilərsən? Qrup nümayəndəsi Oskarla birgə dərsdən sonra K.Balakişiyevin yaratdığı Anatomiya muzeyində işləyirdim. Onun təşkilatçılarından biri də mənəm. Eksponatları düzəldirdim, meyitlər, nümunələr, bankalarda beyin, sümüklər. Oskar qaçdı, dözmədi. Çox əziyyətli iş idi. K.Balakişiyev üç aydan sonra dedi ki, sən kafedrada işləmək istəməzsən? Yaxşı oxuduğum üçün təqaüd alırdım. Əmr verdilər, yarımştat götürdü, maaş da 28 rubl. Bu artıq əla idi. Aylıq 60 manat. Evdə də xərcləmirdim, pullarımı yığıb, dostumla bilet alıb qatarla SSRİ-ni gəzdim, səyahət etdim. Çox yerlərdə oldum. Sonra baş laborant, assistent, baş müəllim, dosent, professor və prorektor. Heç bir tanışsız, tapşırıqsız.

- O dövrdə müəllimləriniz olan tibb alimləri, professorları necə idi? İndikilərdən nə ilə fərqlənirdi? Əsl professor, alim necə olmalıdır?

- Mən instituta girəndə cəmi 25 professor var idi. Çoxu haqqında yazmışam: Topçubaşov, Cahangir Abdullayev, Zülfüqar Məmmədov, Fuad Əfəndiyev. Azərbaycanda səhiyyəni, tibbi təhsili təşkil edən yəhudilərlə ruslar idilər. Nə qədər bəyənməsək də, bu, belədir. Mənim rəhbərim Kamil Balakişiyevin Tibb İnstitutunda bizə ilk anatomiya məruzəsini xatırlayıram. Bu, çox əlamətdar, təmtəraqlı xarakter daşıyırdı. Onun üçün iş hər şeydən önəmli idi. Gündüz bufetdə bir az yeyib, rektoratda axşama kimi qalır, evdə isə gecəyarıya kimi Azərbaycanın ən yaxşı dərsliyi “İnsan anatomiyası” üzərində işləyirdi. Bir insanın bir ömrə, bir cana, bədənə bu qədər yükü necə sığdırması möcüzə idi. Ömrünün son gününə kimi meyitlər üzərində əməliyyatları gənc assistentlərə göstərirdi. Qaya kimi adam idi, eyni zamanda, sakit, azdanışan. Mənim dissertasiyam üzrə elmi rəhbərim isə Vasili Kupriyanov olub. SSRİ-nin dahi alimi, akademik, 400 elmi məqaləsi vardı. Moskvada onunla birgə müdafiə işini bitirəndə mənə dedi ki, sənin şəklin bu lövhədə 32-cidir, amma mənim qəlbimdə birincidir. Bundan böyük dəyər ola bilməzdi. Onların yazdıqları kitabları indi heç kim yaza bilməz. İndi bir-iki məqalə yazırlar, gətirib atırlar Fuadın üstünə (“Tibb” jurnalının baş redaktorunun müavini Fuad İslamzadə - red.), sonra elə gəzirlər ki, elə bil, dahi alimdirlər. İndikilər təlxəkdirlər. Çoxusu deyir ki, kitabım var, deyirsən, hansıdır, göstərmir. Axırda məlum olur ki, rus alim yazıb, bu da böyründə həmmüəllifdir. Amma sonra rusları bəyənmirlər. Arxivlər durur axı. Mən illərlə arxivdə işləmişəm. İndi yetənə professor adı verirlər. Ola bilməz ki, bütün tayfa, nəsil akademik olsun. 35 yaşı var, professordur, amma bir elmi məqalə yaza bilmir. Partapart elə elmlər doktoru, professor adı paylayırlar. Belə olmaz. İnsanları kim müalicə edəcək? İndi auskultasiya (daxili orqanların fonendoskopla dinlənilməsi - red.) edən, nəbz tutan, dərman verən yoxdur. Mən bunları içəridən tanıyıram. İçlərini bilirəm. Gedirsən xəstəxanaya, assistent filankəs, girirsən, 10-20 manat verirsən. Keçirsən, o biri qapıda yazılıb professor filankəs. Artıq əlin gəlmir az verəsən. Deyirsən, 50-100 verim, ayıbdır, professordur. Niyə? Onun bildiyi cavanların bildiyindən, bəlkə də, azdır.

- Bir professor demişdi ki, Tibb İnstitutunda gərək üç il anatomiya keçsinlər, sonra ixtisas seçilsin. Siz necə düşünürsünüz? İndiki tibb təhsilində nə çatışmır? Niyə səhiyyə bu qədər geri qalır?

- Düzdür, amma nə olsun? Anatomiyanı kəsə-kəsə bir şey qalmadı. Balakişiyevin dövründə iki il keçirdilər. Sonra dövlət imtahan komissiyası yoxlayırdı. Pozdular, özləri istəmədilər. Çünki alver olmayacaqdı. Anatomiyanı dəqiq bilməyən necə həkim ola bilər? Bilirsiniz, universitet cılızlaşıb. Əvvəl zirzəmidə keçirdilər dərsi, amma öyrədirdilər. Ali təhsil ocağı kilsədən də yüksək yerdədir, Tanrı məbədidir. İndi tələbələrə çox şərait yaradılır, müəllimlərə icazə vermirlər ki, tələbəyə sual versin. Qoy olsun. Mən heç vaxt tələbələri incitməmişəm. Yaxşı oxuyana qiyməti artıqlaması ilə verirdim, canlarını da alırdım. Onlar məndən narazı deyillər. Mənə məqalə, şeir həsr ediblər. Müəllim gərək tələbəni sevsin.

“Vəzifədən vaxtında, hörmətli getmək lazımdır”

- Professor, bəs necə oldu ki, birdən-birə kafedra rəhbərliyindən imtina edib vəzifədən ayrıldız?

- 65 yaşım var idi. Bir gün stomatoloqa getdim, o mənim dişimi düzəldəndə əlinin altında kresloda yatdım, heç xəbərim olmadı. Həkim oyatdı ki, Rafiq müəllim, niyə yatdınız? Dedim, yorulmuşam. O yatmaq sanki məni oyatdı. Öz-özümə dedim ki, vaxtdır. Özünü nəyə görə öldürürsən? Qalan qalsın, bilən bilsin. Sən onları düzəldə bilməzsən. Hörmətli şəkildə getmək lazımdır. İndiyə kimi universitetdə hörmətim yaxşıdır, nə vaxt istəyirəm, gedirəm. Mənim heç nəyim yoxdur, sərbəst adamam. Azadlıq gözəl şeydir. Pulum yox idi, bağı satdım, oğlumu evləndirdim. Mən pulla qiymət yazmamışam. Uşaqlardan almırdım. Ola bilər, kimlərsə alırdılar, kimlərsə verirdilər, mən bilmirəm. Olan-qalan bu iki otağım var. Köhnə evimi, beşmərtəbəlini sökdülər. Üç il kirayələrdə qaldım. Milyonlarım yoxdur, amma xoşbəxtəm. Mənim ata evim Axundov bağının yanında 100 kvadratmetrlik mülk idi, üç kamin var idi evdə. İndi orada ev milyon dollaradır. Çıxmışam oradan. “Xruşşovka”ya köçmüşdüm. Orada indi əmioğlu-filan qalır, əlaqəm də yoxdur. Heç nədə gözüm yoxdur. Əqidə vacibdir.

“Həyat yoldaşımla dost idik”

- Həyat yoldaşınız rəhmətə gedib. Onu necə xatırlayırsız? Onsuz çətin deyil ki?

- Həyat yoldaşım Esmira Tarverdiyeva stomatologiya kafedrasının dosenti idi. 2011-ci ildə evliliyimizin 50 illiyini qeyd etdik. Bir də başımı qaldırdım ki, 50 il keçdi. Yarım il o günün ssenarisini yazdım, əsl tamaşa idi. Biz onunla dost idik. Ailədə ər-arvad dost olmalıdır. Bir-birimizə dəstək olurduq. Ömrünün sonuna yaxın getmirdi işə, deyirdim, Esya, dayanma, yaz. Xeyli elmi məqalələr yazdı. Kişinin ömrü həyat yoldaşı gedənə qədər olmalıdır. Arvad olmayandan sonra yaşamaq çətindir.

- Övladlarınızdan kim yolunuzu davam etdirdi?

- Oğlum Ceyhun buradadır, o da stomatoloq idi, amma başqa sahədə işləyir. Qızım Almaniyada ailəsi ilə yaşayır. Bizə çox dedilər ki, gəlin. Yoldaşım dedi, hara gedirik? İki nəvəm var orada. Sevinirəm ki, indi onlar evləniblər, ailələri, uşaqları var. Böyük nəvəm Tərlan Humboldt Universitetini nüvə fizikası üzrə bitirdi. O biri də həkimliyi bitirib. Beş il imtahan verdi Berlində, axırda qəbul olundu. Onlar insan kimi yaşayırlar, çalışdıqları qədər hörmət, şərait görürlər.

- Bəs nəvələrinizin gəlib Azərbaycanda işləmələrini istərdinizmi?

- Mənim nəvəm nüvə fizikidir. Burada Fizika İnstitutunda işə düzəltmək istədik. Getdi baxdı ki, laboratoriya yoxdur.

Mən onunla fəxr edirəm. Bir dəfə dedilər ki, Almaniyada azərbaycanlıları bir zala toplayıblar, deyiblər ki, Azərbaycandan deputatlar gələcək. Gəlib çıxış edirlər, ay cavanlar, yaxşı ki, burada təhsil almısınız, qayıdın, Vətən sizi gözləyir. Axırda tələbələr sual veriblər ki, yaxşı, biz qayıtdıq, siz bizə nə vəd edirsiniz? Nə maaş verəcək, nə şərait yaradacaqsınız? Onda deputatlar deyirlər ki, siz pulu fikirləşirsiniz, Vətəni yox. Yaxşı, söhbət Vətəndən gedirsə, bəs necə olur, siz milyonlar qazanırsınız, super yaşayırsınız? Onlarsa o cür yerdə oxuyub gəlib Bakıda sürünəcəklər? Ona görə gəlmirlər. Vətəndə şəraiti kim yaratmalıdır? Vəzifə sizdə, pul sizdə, maşın sizdə, ev sizdə. Bunlara olmaz? Cavan oğlanlardır, onlar da ev qurmaq, evlənmək, uşaqlarını böyütmək istəyirlər.

“Alim həm də yaradıcı olmalıdır”

- Siz həm də hekayələr, oçerklər yazırsınız. Sanki sizdə həkimlikdən çox, yazarlıq, şairlik ruhu var.

- Mən dünyasında əlimə qələm götürməzdim. Lap çoxdan, Əhliman müəllim rektor olanda getdim yanına. Bizdə professor Fuad Əfəndiyev olub. Çox gözəl cərrah idi. 100 illiyi idi, təklif etdim ki, qeyd edək. Dedi, yaxşı baxarıq. Bir həftə sonra yenə yadına salanda dedi ki, kafedrasında kiçik çay süfrəsi açıb qeyd edərlər. Bu mənə çox təsir etdi. Fuad Əfəndiyev əjdaha idi. Mənim ana babam xərçəng olmuşdu. Leninqrada aparmışdılar. O dövrün ən güclü cərrahı professor İnstin İllarionoviç Canelidze baxdı, dedi, əməliyyat olmaz, gecdir. Soruşub ki, onu Bakıda Fuad Əfəndiyevə göstərmisiniz? Deyiblər, yox. Deyib, heyif, baxsaydı, bəlkə, vaxtında nəsə edərdi. O boyda Leninqrad onu tanıyırdı.

Bakıda milis budkaları var idi, hündür. Milis otururdu yuxarıda, yolu idarə edirdi. Onu Ləmberanski düzəltdirmişdi, amma şəkilləri, maketini Fuad Əfəndiyev vermişdi, İtaliyada görüb çəkmişdi. O, İtaliyada konqresdə olanda azərbaycanlıları saymırdılar, tanımırdılar. Cərrah olsa da, keçib pianonun arxasında şedevr bir musiqi ifa etmişdi, hamının ağzı açıq qalmışdı. Əgər o, tibb yolu ilə getməsəydi, məşhur bəstəkar olardı. Bizim güclü, hərtərəfli alimlərimiz olub. Onlar haqqında yazmağa başladım. Məni çap edən birinci Fuad oldu, rus dilində yazıram. İbrahim Topçubaşov barədə də yazmışam, atasından yox, oğlundan yazdım. İbrahim Flora üçün mahnılar yazmışdı, onu sevirdi. Qubalı idi, “Qubalı qız” mahnısını yazmışdı. Əsl kişi idi, əməliyyat edəndə gərək musiqi səslənərdi. Azərbaycanda ona qədər heç kim belə etməmişdi.

Mən “Leyli və Məcnun”un rok-opera versiyasını yazmışdım. Sonra onu aradan götürdüm, qorxdum. Zeynəb Xanlarovanı nəzərdə tutmuşdum. İndi haradadır, deyəsən, Amerikaya gedib. Xalq üçün ürəyi yanmadı, birinə bir manat verib? Əksinə, deyir, tərifləyin, niyə şikayət edirsiniz?

“Qapımı bağlamıram, ölsəm də, xəstəxanaya getmərəm”

- 90 illik ömrünüzdə ilk dəfə pandemiya yaşadınız. Necə keçirdiniz, səhhətiniz necədir? Sağlamlığınızda problemlər varmı?

- Mən bilmədim. Heç xəbərim yox idi. Oturdum evdə, qoymadılar çıxım. Koronavirusa da yoluxmadım. 2018-ci ildə insult olmuşam. Səhər durdum, başım gicəlləndi, mənzilin də qapısı dəmirdən idi. Aça bilmədim, ondan sonra qapımı açıq saxlayıram ki, birdən nəsə olsa, bağlı qalmasın. İstənilən saat gəlin, qapım açıqdır. Şuraya (yaxın köməkçisi) zəng etdim ki, pisəm, gəl. Bilmədim, insult olmuşam. Hələ üstəlik axşam professorun oğlunun toyuna getdim. Orada oturanda halım pisləşdi. Sonra həkim-zad çağırdılar, xəstəxanaya getmədim. Mənim həkimlərim dostlarımdır.

Sonra “Toy” hekayəmi yazdım. Gündə məni toya çağırırdılar. Azərbaycan toyları başdan-ayağa təhqirdir. Mən toylara getməməyə çalışıram. Bu hekayəni çap edib otağımda asmışdım. Kim gəlirdi, deyirdi, toydur, dəvətnamə gətirirdi, deyirdim, bax ora. Baxırdı, deyirdi, sağ olun. Toyxanaları bağlamaq lazımdır, o qədər şadlıq evini camaatdan oğurladıqları pullarla tikiblər.

- Bayaqdan diqqət yetirirəm, dayanmadan danışırsınız, bir stəkan su da içmədiniz. Bəs orqanizminizi gümrah saxlamaq üçün nə edirsiniz?

- Mən gecələr yatmıram. Gündüz yatıram. Beyin çaş-baş qalıb. Su içirəm arada. Amma mütləq bir litr su içməlisən - boş şeydir, orqanizm özü bilir. Normal yaşa.

- İnsult keçirəndə xəstəxanaya getmədiniz. Bəs indi həkim desə ki, təcili ürəyiniz əməliyyat olunmalıdır, stent qoyulmalıdır, nə edərsiniz?

- Getməyəcəyəm. Bu dəqiqə “bardak”dır. Getsəm, qaşı düzəldən yerdə gözüm gedər. Mənim bütün titullarım var. Mən çox səviyyələrdə onlardan üstünəm. Lazım deyil ürəyimi əməliyyat etmək. Gələrəm Fuadın, sizin yanınıza, söhbət edərik, bitər gedər.

- Bayaq dediniz, uzun ömür yaşamaq mənasızdır. Bəs niyə insanlara 100 yaşa qədər yaşamağı arzulayırlar?

- Qocalıq xoşbəxtlik deyil. Mən bu barədə hekayəmdə yazmışam. Qocalıq dalandır, oradan çıxa bilmirsən. Qocalığın simptomları nədir? Yaddaşın pozulur, qoyduğunu tapa bilmirsən, gəzmək istəmirsən, mənim kimi çəliyə möhtac qalırsan. Çox yatırsan. Oturduğum yerdə də yatıram. Bütün günü deyinirsən. Qadınlar səni maraqlandırmır. Bədən səni ehtiraslandırmır. Qadınlar da qoca kişidən utanmırlar, harada gəldi, öpə bilirlər. Heç yerə tələsmirsən. Uşaqlar sənə gülürlər. Bankda kredit vermirlər ki, bu gün-sabah öləcək. Qocalığın birinci simptomu həyata sevginin yaranmasıdır. Daha heç kimə paxıllıq etmirsən, mübarizə aparmırsan və hər kəsə yazığın gəlir. Yaman yoruldum, ürəyim doludur, çox danışdırma, nə yazırsan-yaz, altından qol çəkim. Allah səni qorusun, özünü də gözlə!


Dosye: 

Anatomiya üzrə Azərbaycan elminin qaymaqlarından olan Rafiq Əsgərov 1933-cü ilin mayında Bakıda doğulub.

1951-ci ildə Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutda Azərbaycanda insan anatomiyası üzrə görkəmli alim, bu elmin inkişafında mühüm rol oynamış professor Kamil Balakişiyevin təklifi ilə insan anatomiyası üzrə ixtisaslaşıb və elə tələbə ikən insan anatomiyası kafedrasına işə qəbul olunub. Rəhbərliyin diqqətini çəkən Rafiq Əsgərov hələ 5-ci kursda oxuyarkən normal anatomiya kafedrasının baş laborantı vəzifəsinə qəbul edilib. 1959-cu ildə “İnsanın nəfəs borusu və bronxlarının innervasiyası” mövzusunda namizədlik, 1973-cü ildə isə “Azan sinirin ağciyərlərə innervasiya edən hissəsinin nəqledici aparatının morfologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Rafiq müəllim 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. 1985-1990-cı illərdə ADTİ-nin Operativ cərrahlıq və topoqrafik anatomiya kafedrasına rəhbərlik edib. 1988-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsini icra edib. 1990-cı ildə universitet rəhbərliyinin qərarı ilə Rafiq müəllimə universitetin ən böyük kafedrası olan İnsan anatomiyası kafedrasının müdiri vəzifəsi həvalə edilib. Onun digər istedadı və cəmiyyətə töhfəsi yazıçılığıdır. Bu vaxta kimi onlarla məqalə, oçerk, esse kitablarının müəllifidir. Həm araşdırmaçılıq, həm psixologiya, həm də yazarlıq istedadını bir araya gətirib Azərbaycan elminin tanınmış simaları barədə oçerklər, xatirələr, hekayələr yazıb. Professor həm də sanki tibb tariximizi qələmə alır. Onun çox zəngin şəxsi arxivi var. 2000-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2007-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2016-cı ildə Rafiq müəllim ATU-nun Böyük Elmi Şurasının qərarı ilə bu ali təhsil ocağının məsləhətçi professoru vəzifəsinə təsdiqlənib.

Onu da qeyd etmək lazımdır ki, Rafiq müəllim ATU-da bu ada layiq görülmüş ilk professordur. Bu ona imkan verir ki, arada universitetə baş çəksin, kafedrada gənclərlə görüşsün və əmək fəaliyyətini az da olsa, davam etdirsin. Son illər Rafiq müəllim “İnsan və zaman” silsiləsindən bir neçə kitab yazaraq nəşr etdirib. Hazırda bu silsiləni davam etdirir. Bu əsərlərdə Rafiq müəllim ölkənin ictimai həyatında, səhiyyə, elm və mədəniyyət sahələrində uğurla fəaliyyət göstərən bir sıra şəxslər haqqında öz xatirələrini toplayıb. Professor yazılarında həmin insanların əmək fəaliyyətinə deyil, daha çox fərdi keyfiyyətlərinin təsvirinə diqqət yetirib.

Həyat yoldaşı vəfat edəndən sonra ikiotaqlı mənzilində tək yaşayır, köməkçisi var, arabir oğlu gəlib professora baş çəkir, qızı və nəvələri isə xaricdədirlər. Çox əla görür, oxuyur, işləyir və sağlamlığının qeydinə qalır.

Bənzər yazılar

0.30067491531372