Xidmət edənlərimiz çox, MƏHSUL ƏKƏNLƏRİMİZ YOX - Əsas problem idxaldadır?

 27-12-2022

Xidmət iqtisadiyyatının son zamanlar məhsul iqtisadiyyatını üstələdiyi bildirilir. İllər öncə bunun əksi idi: insanlar məhsulun bolluğuna can atırdılar, xidmət sahəsi isə axsayırdı, yəni kim necə bacarırsa, özünə qulluq eləsin.

Hazırda xidmət sahələrinin sayı ilə yanaşı, keyfiyyətində də artım müşahidə edirik. Kafe-restoranlar, hotellər, avtoservislər və s. kimi müəssisələr çoxaldıqca artıq keyfiyyətə görə rəqabətə də giriblər. Paralel olaraq məhsul istehsal etməyə marağın azaldığı hiss olunur. 

Bəs görəsən, xidmət sektorunun gəlirlərinin çox olması, ümumiyyətlə, həcminin artması istehsalatın tənəzzülünə, eyni zamanda qıtlığa səbəb ola bilərmi?

Mövzu ilə bağlı Oxu.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, iqtisadiyyatımız idxal üzərində qurulub:

“Azərbaycanda belə bir problem var: bir çox məhsulları idxal edirik. Bəzi mallar var ki, ölkədə istehsal etsək belə, onlar üçün xammalı, qablaşdırma məhsullarını, kimyəvi materialları xarici ölkələrdən gətiririk. Qanunvericilikdə gömrüklə bağlı problemlər də məlumdur. İstehsalla məşğul olan yerli sahibkar bu məsələdə ciddi problemlərlə qarşılaşır.

Məhsul istehsalına təsir edən xarici faktorlar da bəllidir. Ukrayna və Rusiya arasındakı müharibə, qlobal istiləşmə və bir neçə ölkənin öz ehtiyaclarından artıq məhsul tədarük etməsi kimi amillər istehsala ciddi təsir göstərir. Bu da xidmət sahəsinin geniş yayılmasına təkan verdi”.

Ekspert qeyd edib ki, xidmət sektorunun həcminin artmasının istehsalın tənəzzülünə, qıtlığa səbəb olacağını düşünmür:

“Bu iki sahə arasında artıq müəyyən balans yaranmağa başlayıb. Çünki xidmət sektorunda çalışan bir çox insanlarla məhsul istehsal edən insanlar arasında iş birlikləri qurulur. Məsələn, biri istehsal edirsə, digəri onun düzgün təqdimatla satışını həyata keçirir. Yaxud müəyyən komponentlərin xaricdən gətirilməsini təşkil edir. 

Xidmət və istehsal sahələrinin hər birinin öz problemləri var. Amma bu o demək deyil ki, xidmət sektorunun inkişafı istehsalatı zəiflədir”.

Nəzrin Vahid

Bənzər yazılar

0.14233493804932