Prezidentin köməkçisi: “Hazırda Cənubi Qafqaz regionunun gündəmində sülh gündəliyi dayanır”

 22-04-2022

“Möhtərəm Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışla qarşımıza konseptual, proqram xarakterli istiqamət qoydu”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O bildirib ki, Azərbaycan diasporunun qarşısında yeni çağırışlar dayanır. Hikmət Hacıyevin sözlərinə əsasən, erməni lobbi dairələrinin Azərbaycana qarşı təbliğat kampaniyaları davam edir.

“Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə diqqət çəkmək istəyirəm. Belə qətnamə qəbul etdilər ki, guya Qarabağda erməni irsi məhv edilib. Onlar, yaxşı olar ki, işğaldan azad edilmiş ərazilərə gələrək ermənilərin törətdikləri vəhşiliklərə şahidlik etsinlər”, - deyə o əlavə edib.

Hikmət Hacıyevin sözlərinə görə, digər ən böyük problem minalardır. O qeyd edib ki, humanitar mina problemi bütün bəşəriyyətin üzləşdiyi problemdir.

“Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında beşinci yerdədir. Bunu təəssüflə qeyd edirik”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə Ermənistan hələ də aydınlıq gətirməyib. Prezidentin köməkçisi qeyd edib ki, hazırda Cənubi Qafqaz regionunun gündəmində sülh gündəliyi dayanır: “Azərbaycan Ermənistana sülh üçün beş maddəlik baza prinsipi təklif edib”, - deyə o xatırladıb. 

“Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu. Bu vəzifə və tapşırıqların ən vacib istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə təqdim olunması və azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır”.

“Vətən müharibəsi dövründə aparılan siyasətimizə və diaspor təşkilatlarımızın fəaliyyətinə baxdıqda məmnuniyyətlə qeyd edə bilərik ki, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu tapşırıqlara uyğun olaraq ciddi irəliləyişlərimiz olub. Yenə də qarşımızda yeni tapşırıqlar var. Çünki biz postmünaqişə dövründəyik və erməni lobbi təşkilatları, onların bəzi havadarları tərəfindən, ümumiyyətlə, Azərbaycana qarşı davamlı surətdə çirkin təbliğat və kampaniyalar aparan müxtəlif dairələr tərəfindən yenə də ölkəmizə qarşı bu niyyətlər davam etdirilir. Bu səbəbdən diaspor təşkilatlarımızın üzərinə yeni tapşırıqlar və vəzifələr düşür ki, onlar daha da koordinasiyalı şəkildə və sıx birləşərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsınlar”, - o bildirib.

Bənzər yazılar

0.20944809913635