“Tərtər işi”nə görə Nəcməddin Sadıqov da HƏBS EDİLƏCƏK?

 20-04-2022

Baş Prokurorluq Tərtər hadisələri barədə məlumat yayıb. Yeni məlumata görə, Tərtər hadisələrində zərərçəkmişlərin sayı 400-ə çatır, 16 nəfər barəsində isə hökm ləğv olunub. Prokurorluqdan həmçinin bildirilib ki, hadisədə əli olan daha 7 nəfər həbs olunub.

Məlumdur ki, “Tərtər hadisələri”nin əsas təşkilatçısı kimi adı hallanan şəxs Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovdır. Məlum gedişat isə bir sual yaradır: Bu həbslər N.Sadıqov və hadisədə əli olan digər şəxslərə də şamil olunaraq davamlı xarakter daşıyacaqmı?

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov mövzu ilə bağlı fikirlərini Gundem.az-la bölüşüb.

Deputat qeyd edib ki, Tərtər hadisələri ilə bağlı araşdırmalar mütləq şəkildə davam etməlidir:

“Haqsızlığa yol verənlərin hər birinin kimliyini aydınlaşdırıb üzə çıxartmaq lazımdır. Həbs olunan şəxslərə bəraət verilməli, işgəncələrinin iştirakçıları isə cəzalandırılmalıdır. Proses elə səviyyədə aparılmalıdır ki, Azərbaycan hərbi sistemində, ümumiyyətlə, cəmiyyətimizdə kiməsə haqsız cəza verilməsin, şər-böhtanla üzləşməsinlər. Tərtər hadisələri cəmiyyətimizdə olduqca əks-səda doğurdu. Mən də bir vətəndaş kimi istəyirəm ki, Tərtər hadisələrində əli olan bütün günahkarlar cəzalandırılsın. Dünyasını dəyişən əsgərlərimiz var. Allah onlara rəhmət etsin, hər birinin ailəsinə dərin başsağlığı veririk. Kimlərin ki bu hadisədə əli var, fərqi yoxdur, ali rütbəlidir ya yox, onların hər biri layiqli cəzasını almalıdır. Çünki günahsız insanlara işgəncələrə məruz qalıb, həbs edilib və öldürülüblər. Bu həbslər digərlərinə də tövbə olmalıdır ki, hərbi sistemimizdə bir də belə hadisələr baş verməsin”.

“Nəcməddin Sadıqovu da həbs olunanlarla eyni tale gözləyə bilərmi?” sualına gəlincə, deputat bu fikirləri söyləyib:

“İstintaq materialları ilə heç birimiz dərindən tanış deyilik, bu işi aparanlar məsələnin hər detalından xəbərdardırlar. Ancaq hadisədə əli olan kimsə yüksək vəzifəlidir deyə, ona toxunmamaq kimi düşüncə olmamalıdır. İstər Nəcməddin Sadıqov, istərsə digərləri, hər kim olur olsun, günahkardırsa, ciddi qaydada cəzalandırılmalıdır! Bu cəzalar və həbslər digərlərinə də görk olmalıdır ki, belə iyrənc və xoşagəlməz hadisələr birdəfəlik yığışdırılsın”.

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Tərtər hadisələri ilə bağlı sosial şəbəkələrdə zərərçəkmişlərin sayına dair paylaşılan rəqəmlər şişirdilib:

“Amma bu hadisənin tam ciddiliyi ilə araşdırılıb bütün cinayətkarların daşıdıqları rütbədən asılı olmayaraq, Azərbaycan qanunları çərçivəsində cəzalandırılmasının tərəfdarı olmuşam. Sağlam məntiqə sığımır ki, bir hərbi hissə komandirinin məsuliyyətində və tabeliyində olan ərazidə şəxsi heyətə qarşı bu qədər cinayətlər baş verə, hərbi xidmət qaydaları pozula, düşmən ilə qarşılıqlı əlaqələr qurula və rəhbərliyin bu məsələlərdən xəbəri olmaya. Respublika Prokurorluğu nəhayət hadisənin baş verməsindən 6 il sonra yeni təfərrüatlar ortaya çıxarıb. Baş verənlərin daha əvvəl araşdırılmasında yol verdikləri səhlənkarlıqlara görə hərbi prokurorluğun da müstəntiqləri məsuliyyət daşımalıdırlar. Onlar nə üçün, kimin göstərişləri və hansı əsaslarla hadisəni vaxtında və tam həcmdə araşdırmadıqlarına görə layiqli cəzalarını almalıdırlar”.

Bənzər yazılar

0.229660987854