Deputat Vüqar İskəndərov: “Litva XİN kimlərinsə təsiri altında boş və mənasız bəyanat verib” 

 17-12-2022

“Litva Xarici İşlər Nazirliyinin boş və mənasız bəyanatı ilə tanışam. Litva XİN-in məsələni bilmədən kimlərinsə təsiri altında belə bəyanat verməsi dərin təəssüf doğurur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Litva indiyə qədər Ermənistan-Azərbaycan münasibətləri, keçmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı ciddi bəyanat verməyib və neytral mövqe nümayiş etdirib:

“Litvadan yalnız ara-sıra məsələnin sülh yolu ilə bu həll olunması barəsində bəyanatlar eşitmişik. Düşünürəm ki, Litvanın özünün də kifayət qədər problemləri var. Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra nəinki Litva ilə ümumiyyətlə, Baltikyanı ölkələrlə çox normal, strateji əlaqələr qurub”.

Deputat vurğulayıb ki, Litvada da ciddi problemlər var, ölkədəki rus azlıq onlara olan münasibətdən narazıdır.

“Çünki onların bütün mədəni dəyərləri əllərindən alınıb, ana dilində təhsil ala bilmirlər, mədəniyyət mərkəzləri bağlanıb. Rus icmasının demək olar ki fundamental hüquqları kobud formada pozulub. Lakin Azərbaycan heç vaxt bu məsələ ilə bağlı hər hansı bir bəyanat verməyib, həmin ölkənin daxili işlərinə qarışan dövlət siyahısında olmayıb. Əksinə, rəsmi Bakı həmişə Baltikyanı ölkələr - Latviya, Estoniya, Litva ilə strateji dostluğa söykənən münasibətlər qurmaq əzmində olduğunu bildirib və onu əminliklə göstərib. Düşünürəm ki, Litva hökuməti öz səhvini anlayacaq və məsələnin nə yerdə və haqqın kimin tərəfində olduğunu, həmçinin bölgədə nə baş verdiyini dərindən təhlil edərək məsələyə doğru münasibət bildirəcək”, - V.İskəndərov söyləyib.

Bənzər yazılar

0.2126898765564