“Mən heç vaxt inanmaram ki, o, özünə xəsarət yetirsin”.
AbzasMediya xəbər verir ki, bu sözləri özünü güllələyərək həyatına son verdiyi deyilən hərbçi Aslan Əsgərlinin dayısı Davud Qurbanlı deyib.
Aslan Əsgərli Lənkəran rayonunun Liman şəhərində doğulub.
Hərbçinin dayısı bildirib ki, bacısı oğlunun özünü öldürməsinə inanmırlar. O, meyiti görüb və burada müəmmalı məqamların olduğundan şübhələnir: “Meyiti mən də gördüm, üzərində heç bir digər xəsarət izi yox idi. Boğazında güllə yeri var idi. Mən hərbçi olmuşam, bilirəm ki, güllə girən yer kiçik deşik olar, əsas çıxdığı yeri dağıdıb çıxır. Ancaq onun boğazı dağılmışdı. Bu, mənə çox müəmmalı qaldı”.
D.Qurbanlı deyib ki, Aslan xidmət etdiyi hərbi hissədə kiminləsə problem yaşadığını heç vaxt deməyib: “Mən heç vaxt inanmaram ki, o, özünə xəsarət yetirsin. Çünki valideynlərinə bağlı adam idi. O uşaq körpəlikdən zülmlə böyüyüb. Dükanda işləyib qazandığı bir manatı gətirib anasına verərdi. Hələ istintaq gedir, istintaqdan sonra nəsə demək mümkün olar”.
Xatırladaq ki, Hərbi prokurorluq 18 yaşlı hərbçi A.Əsgərlinin dekabrın 14-də özünü güllələməsi barədə məlumat yayıb. Hadisə Ağdam rayonunun N saylı hərbi hissəsində baş verib.
Qeyd edək ki, noyabrın 28-dən bu yana 6 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib. Vəfat edən hərbi qulluqçular arasında özünə xəsarət yetirmə və ürəktutma hallarının daha yüksək olduğu müşahidə edilir.
Mənbə AbzasMediya