2013-cü il təvəllüdlü Tunar Kamranlının Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılmış araşdırma zamanı hadisə yerinə baxış keçirilib, videomüşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.
Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə, Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin qarşısında 4-cü sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə baş verməsi barədə vermişdik.
Belə ki, 4-cü sinif şagirdi qələmlə sinif yoldaşının alnından xəsarət yetirib. Bundan xəbər tutan şagirdin valideyni, Yevlax RPŞ-nin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynov məktəbə gəlib. O, təhsil müəssisəsində övladına zərər vuran 2013-cü il təvəllüdlü azyaşlını döyərək ona xəsarətlər yetirib.