Xankəndi YOLUNDA ETİRAZ: Rusiya sülhməramlılarının təminat avtomobili maneəsiz HƏRƏKƏT EDİB 

 14-12-2022

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Milletinsesi.info xəbər verir ki, 48 saata yaxın davam edən aksiyada yüzlərlə fəal iştirak edir. 

Etiraz aksiyasının üçüncü günü Azərbaycan Respublikasının Himninin oxunması ilə başlayıb. 

Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarından olan həmyerlimiz ilə Rusiya sülhməramlısı arasında keçən qısa dialoq diqqət çəkib. 

Yusif adlı gənc aksiya zamanı Rusiya sülhməramlısı ilə göz-gözə gəlib. Bu zaman sülhməramlı əlini onun çiyninə qoyaraq qulağına “İnşallah, Qarabağ Azərbaycandır!” cümləsini işlədib. 

Mətbuat nümayəndəsinin “nə dediyinizi bilmək olar?” sualına “xeyr” cavabını versə də, sülhməramlının səsi mikrofona düşüb. 

Həmin videogörüntüləri təqdim edirik:

Şuşa-Xankəndi yolunda aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarına məxsus təminat avtomobili maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Həmin görüntüləri təqdim edirik:

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının sayı artmaqda davam edir. Paytaxt Bakıdan aksiyanın keçirildiyi əraziyə ictimai fəalların axını genişlənib.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Onların mənəvi-psixoloji durumları yüksək səviyyədədir.

İştirakçılar Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Aksiya iştirakçıları yeni tələb irəli sürüblər. Aksiyaçıların yeni tələbi odur ki, Rusiya sülhməramlılarının postlarında Azərbaycanın aidiyyəti qurumlarının əməkdaşları da olsunlar və onlarla birgə xidmət aparsınlar. 

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları Qarabağ ermənilərinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazır olduqlarını bildiriblər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası şüarlar və çağırışlarla davam edir.

Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını çağırışlarında bəyan edirlər. Ekofəallar bir neçə gündür bu məqsədlə yardım təklif etdiklərini vurğulayırlar. Onlar əlaqə nömrələrini internet vasitəsilə yaysalar da, ancaq müraciət edən olmayıb.

Qeyd edək ki, Şuşa-Xankəndi yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bənzər yazılar

0.15101099014282