Məşhur bloqer Hüseyn Həsənovun dünən Bakıda fanatları ilə görüşündə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.
Azxeber.com Hüseyn Həsənovla bağlı maraqlı faktları təqdim edib:
Belə ki, H.Həsənov Rusiyanın ən məşhur videobloqeri hesab edilir.
Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda Azərbaycan əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.
Hüseyn Azərbaycan xatirələri haqda deyir:
“Azərbaycana getməyi sevirəm. Çünki ora mənim vətənimdir. Bakının Bülbülə qəsəbəsindənəm. Orada istirahət etməyi də, qohumlarıma baş çəkməyi də sevirəm. Bakı çox dəyişib, gözəlləşib. Mən ikinci sinfədək orada oxumuşam. Çoxları elə bilir ki, Azərbaycan dilində danışa bilmirəm. Amma mənə rus dilində danışmaq daha asandır. Çünki burada yaşamışam”.
H.Həsənov universitetə sevdiyi qıza görə getdiyini açıqlayıb:
“Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. 5 il oxumuşam, iqtisadçıyam. Sonra Moskvaya gəldim. Diploma heç ehtiyacım olmadı. Heç bilirsiniz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o qız həmin universitetə qəbul oldu. Mən vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə həmin universitetə getdim və nəticədə 5 il oxudum. Mən hətta oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet daha yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım, hansı ki, “Instagram” üçün videolar çəkməyə başladıq. Heç də peşman olmadım”.
O, məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinin maliyyə-iqtisad fakültəsinə daxil olub və 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Hələ universitetdə oxuyarkən şən və hazırcavablar klubunda oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra “stand-up” komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra “Instagram” üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və GG brendi (kişi geyimi) var.
Hüseyni hazırda “Instagram”da 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan Prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.
Bloqer özü bu haqda deyib: “Subayam. Amma evlənmək istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki, qarşıma çıxmayıb, amma çıxar. Son olaraq gənclərə demək istəyirəm ki, öz arzularının ardınca getsinlər. Mən bir neçə il əvvəl mağazada işləyirdim. Amma indi öz restoranımı açmışam”.