“Qafanda, ümumiyyətlə, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən zavodlarının tullantı sularının təmizlənmədən axıdılması səbəbindən Oxçuçayda ekoloji fəlakət vəziyyəti yaranıb”.
Milletinsesi.info xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O qeyd edib ki, problemlə bağlı vaxtilə tədbirlər görülüb, bir müddət çayda sabitlik bərpa edilsə də, hazırda vəziyyət mürəkkəbdir:
“Təəssüf ki, noyabrın 30-dan etibarən orada yenidən götürülən analizlərdə həmin suyun daha pis şəkildə çirkləndirildiyi təsdiqini tapdı. Baxmayaraq ki, biz ekoloji və beynəlxalq təşkilatlara müraciət etdik, amma çirklənmənin qarşısının alınmasıyla bağlı heç bir tədbir görülmədi və Ermənistanı bununla bağlı qınayan olmadı”.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Şuşaya yollanmışdı. Məqsəd orada olan yataqların qanunsuz istismarı ilə bağlı ekoloji monitorinqlər aparmaq idi”.
O bildirib ki, təəssüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıblar:
“Azərbaycanın bir çox ekofəalları orada piket keçirərək Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Tələbimiz Azərbaycana aid təbii yataqların qanunsuz istismarının dayandırılması və ekologiyaya dəymiş ziyanın hesablanmasıdır. Bu qiymətləndirmələrin aparılması üçün zəruri monitorinqlər keçirilməlidir. Müxtəlif bəhanələrlə orada monitorinq aparmağımıza mane olsalar da, buna nail ola bilməyəcəklər. Biz israrla bu mövzuda etirazlarımızı bildirəcəyik”.