İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün “Rəqəmsal savadlılıq” adlı layihəyə start verilib.
Milletinsesi.info xəbər verir ki, bu gün keçirilən açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələr departamentinin rəhbəri Fatimə Ələkbərova, Agentliyin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nərmin Seyidova, Mətbuat Şurası İdarə Heyətinin üzvü, təşkilatın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli, o cümlədən MEDİA, ANAMA, Azintelekom, ADNSU-nun rəsmi şəxsləri, ictimaiyyət xadimləri, ekspertlər, Assosiasiya üzvləri və media nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd jurnalistika sahəsində fəaliyyət göstərən media nümayəndələrinin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirilməsindən ibarətdir.
Layihə çərçivəsində rəqəmsal savadlılıq bootcamp-in təşkili və tədrisi üçün peşəkar təlimçilərin və təcrübəli ekspertlərin cəlb olunması nəzərdə tutulub. İki ay davam edəcək təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına öz töhfəsini verəcək. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda son illər İKT sahəsində böyük nailiyyətlər əldə edilib. Ölkəmizdə ən son texnologiyaların tətbiqi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması, dövlət və özəl sektorlarda elektron xidmətlərin artırılması bu sahədə irəli gələn digər məsələlərin cəmiyyətə dolğun və düzgün çatdırılmasında jurnalistlərin İKT üzrə kvalifikasiyallarının artırılması zərurəti vardır.
Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı, praktiki dərslər də keçiriləcək. Təlimlərin nəticəsi olaraq AİKTSA-nın mütəxəssisləri tərəfindən iştirakçıların yekun qiymətləndirilməsi aparılacaq və media nümayəndələrinə sertifikatlar təqdim olunacaq.