Vasif Talıbov istefa ərizəsi yazıb? - ŞOK İDDİA

 07-12-2022

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsi yazdığı iddia edilib.

Bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilir ki, Ali Məclisin sədrliyindən istefa verməsi ilə bağlı ərizə ilə yanaşı, Talıbov yaxınlarına mesajlar da ünvanlayıb.

Bundan başqa, Ovqat.com saytının baş redaktoru, siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a bildirib ki, Vasif Talıbov öz taleyi ilə barışıb.

“Vasif Talıbovun artıq müqavimət göstərmək gücü yoxdur. Bu vaxta qədər Rusiyanın "5-ci kolon"u tərəfindən idarə olunurdu. İndi isə Rusiya bölgədən çəkilir, Türkiyə ilə dostluq münasibəti qurmaq məcburiyyətindədir. Avropanın, Amerikanın Azərbaycanda çox ciddi maraqları var. Azərbaycan özünü yenidən ayarlamaqdadır. Buna görə də Vasif Talıbov Bakıdan verilən qərarlarla razılaşmaq məcburiyyətindədir. Əks halda, onu çox ağır tale gözləyir. Görünür, bunu başa düşür. 27 il Naxçıvanı idarə etməsinə baxmayaraq, başa düşür ki, geri addım atmasa, çox ağır bədəl ödəməli olacaq. Buna görə də Naxçıvanda aparılan islahatlarla razılaşması, özünün köməkçisi üzərindən baş verənləri islahat kimi görməsi müsbət bir hadisədir", - deyə siyasi şərhçi bildirib.

Vasif Talıbov və başına yığdığı klanı üçün “soyuq duş” effektli əməliyyat

Onun sözlərinə görə, Naxçıvanda son 10 gündə həyata keçirilən əməliyyat və paralel aparılan restruktrizasiya Vasif Talıbov və başına yığdığı klanı üçün “soyuq duş” effekti verib:

“Cəzanın məqsədi kimisə məhv etmək, qisas almaq deyil, islah etməkdir. Naxçıvanda aparılan islahatlar da məhz oradakı "xanlığın" əvəzinə normal idarəçilik gətirməkdir. Açıq-aydın görünür ki, Naxçıvan 10 gün əvvələ qədər olduğu kimi idarə olunmayacaq. Vasif Talıbova gerçəkləşdirilən islahatlarla barışmamaq haqqı da tanınmayıb. Barışmalıdır! Özünə yaxın media üzərindən açıqlaması da geri addım atdığını, geri çəkildiyini təsdiqləyir. Vasif Talıbov başa düşüb ki, dövlətin iradəsinə qarşı çıxıb dövlətlə döyüşə girə bilməz. Bu vaxta qədər separatçı bir mövqedə idilər, artıq ondan geri çəkilirlər".

“Bu gün dünyada yaşayan ən əzazil hökmdar bəlkə də Vasif Talıbovdur”

Siyasi şərhçi deyir ki, Vasif Talıbovun Naxçıvanda zərrə qədər hörməti yoxdur:

“Orada bir xalq hərəkatı başlasa, o, Bakı ilə ziddiyyətə girmiş olsa, Vasif Talıbovu Qəzzafidən daha ağır aqibət gözləyə bilər. Bunu Vasif Talıbov çox gözəl bilir. Çünki Naxçıvanda körpəsindən tutmuş ağsaqqalına qədər hər kəsin haqqını yeyib deyə hər kəs ona düşmən mövqeyindədir. İnsanları dəhşətli işgəncələrə məruz qoydurub. Bu gün dünyada yaşayan ən əzazil hökmdar bəlkə də Vasif Talıbovdur. Naxçıvan illərlə ağılla, məntiqlə deyil, özünün istədiyi kimi idarə edib”.

Siyasi şərhçi Vasif Talıbovun Azərbaycan hakimiyyətinə, Azərbaycan insanına qarşı düşmən mövqeyinə çəkilməsinin bir neçə səbəbinin olduğunu deyir:

“O, Naxçıvanda Rusiyanın missiyasını yerinə yetirib. Rusiya bir çox dövlətlərdə bu şəkildə özünün "inzibati-siyasi minalarını" yaradır. Biz bunu Qarabağda görmüşük. Azərbaycan torpağında yaşayan erməniləri Azərbaycana qarşı ayağa qaldırıb dəstək verdilər. Nəticədə Qarabağ problemi yarandı və Rusiya 30 ilə yaxın bu münaqişə üzərindən regiondakı hərbi-siyasi mövcudiyyətini davam etdirdi. Həmin şəkildə Naxçıvanı da Azərbaycana qarşı qaldırmaq niyyətləri vardı. Bunun üçün uzun illər Vasif Talıbovla iş aparılıb, Naxçıvanda əhaliyə qarşı divan tutulması, Naxçıvandan əhalinin dərbədər salınması bu plana xidmət edib".

“Vasif Talıbov vitse-prezidentlik iddiasında idi”

Ekspert deyib ki, səbəblərdən biri də Vasif Talıbovun daxili ambisiyalarıdır:

“Onun Bakıdakı vəzifələrdə gözü vardı. Dəfələrlə açıqlamışıq ki, Vasif Talıbov vitse-prezidentlik iddiasında idi. Qüdrət Həsənquliyev də onun ambisiyaları haqda bu fikirləri dedi. O, Azərbaycanda ikinci şəxs olmaq istəyində idi. Faktiki olaraq o, bu hakimiyyətə malik idi. Vəzifəyə gedən istənilən məmur istisnasız olaraq xərac alırdı. Məsələn, mən Azərbaycanda hansısa vəzifəyə getmək istəyirəmsə, mütləq şəkildə gedib Vasif Talıbova xələt verməli, onun razılığını almalı idim.

Yoxsa Vasif Talıbov bu təyinatın qarşısını almaq imkanına malik idi. Vasif Talıbov faktiki olan bu səlahiyyətini rəsmiləşdirmək niyyətində idi. Bakını bəyənməyən, Bakıya bağlı olan bütün nə varsa düşmən mövqeyində idi. Ölkənin hər yerində olan iri ticarət şəbəkələrini də Naxçıvana buna görə buraxmırdı. İndi isə vəziyyət dəyişib, artıq bu istiqamətdə də işlərin getdiyi haqda xəbərlər gəlir”.

Siyasi şərhçi deyir ki, Rusiyanın çöküşünü Vasif Talıbov da anlayıb və onun üçün özünə yeni himayədar axtarıb:

“İranın Vasif Talıbovu açıq şəkildə dəstəkləməsinin səbəbi də budur. İran tərəfi Azərbaycan hakimiyyətinin Naxçıvandakı əməliyyatını dövlət çevrilişi kimi qələmə verir. İran Azərbaycan Qarabağda 44 günlük Vətən müharibəsi apardığı günlərdə də eyni mövqeni sərgiləyirdi. İran "xoruzun quyruğu"nu özü də istəmədən elə burada göstərmiş olur “.

“Talıbovların varidatı milliləşdirilməlidir!”

Siyasi şərhçi deyir ki, Vasif Talıbovun və yaxın ətrafının əlindəki bütün mal-mülk, vəsait milliləşdirilməlidir:

“Ədalətli məhkəmə qurulmalı, Vasif Talıbova və ətrafına hüququn dili ilə, qanunları sərt üzünü göstərməklə əllərindəki mal-mülkün, külli miqdarda vəsaitin büdcə pulları hesabına əldə edilməsi sübut olunmalı və milliləşdirilməlidir”.

Afrikadan, Banqladeşdən xidmətçilər gətizdiribmiş

Siyasi şərhçi Vasif Talıbovun oğlu Seymur Talıbovun Naxçıvanda tikdirdiyi it damından danışıb:

“Sosial şəbəkədəki hesabımda həmin it damının fotosunu paylaşmışam. Həmin it damı əməlli-başlı villadır. Təsəvvür edin ki, Naxçıvanda insanlar evində pul verib qaz ala, yandıra bilmir. Xalq artisti vardı, Vasif Talıbovun xoşuna gəlməyən bir söz demişdi, işdən çıxarmışdılar. Həmin xalq artistinin evi Seymur Talıbovun it damının  yanında daxma idi.

Halbuki xalq artisti 40-50 il Azərbaycan mədəniyyətinə xidmət edib. Talıbovlar, ümumiyyətlə, Naxçıvanda yerli əhalini bəyənmirlər. Təsəvvür edin ki, gedib Banqladeşdən, Afrikadan özlərinə xidmətçi gətirirlər, amma işsiz-gücsüz yerli əhaliyə iş vermirlər.

Təbii ki, bu da insanlarda Vasif Talıbova qəzəb yaradıb, ona qarşı xalqda olduqca aqressiv münasibət formalaşdırıb. Xalqlar yaralı aslanlara oxşayır, diktatorlar da aslanın belinə minmiş biriləridir. Bilirlər ki, aslanın belindən düşən ki, parça-tikə olacaqlar. Vasif Talıbov da bu gün həmin durumdadır. Onun kreslodan bu şəkildə iki əlli yapışması bu münasibətdən formalaşır. Artıq Naxçıvanda Vasif Talıbov dərəbəyliyi bitib. Yaxın zamanda bu rəsmiləşəcək”.

Bənzər yazılar

0.23854994773865