Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşlarına qarşı terror aktı törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Yunis Səfərov və dəstə üzvlərinin şikayəti ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkillərinin cinayət tərkibinə və cinayətin mahiyyətinə dair etirazlarının məqsədəuyğun sayılmaması qənaətinə gəlnib, apellyasiya şikayəti təmin edilməyib.
Yunis Səfərov və digərləri barəsində birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.