Məktəblərdə valideynlərdən yığılan “fond pulu” yenə də narazılıqlara səbəb olub. Əsasən da votsap qruplarında Valideyn-Müəllim komitələri ilə valideynlər arasında üzvlük haqqının yığımına görə mübahisələr yaranıb.
Redaksiyamıza müraciət edən iki övladı məktəbə gedən Nərgiz Əliyeva (ad şərtidir) bildirib ki, hər ay məktəbə pul ödəməkdən cana gəlib:
“İki övladım var, oğlum birinci sinifdə, qızım 5-ci sinifdə oxuyur. Siniflər üzrə qiymətlər müxtəlifdir. Elə sinif var, aya 3 manatdan, eləsi var 6 manat, bəzi siniflərdə isə 10 manatdan pul yığırlar. İlk vaxtlarda mən də həmin Valideyn-Müəllim Assosiasiyasına üzv idim, həmin valideynlərin də ayrıca votsap qrupları var, orada ayrıca müzakirələr aparırlar.
Mən sonra özüm imtina etdim. Öyrəndim ki, pullar valideynlərdən yığılır, məktəbdə xadimənin, mühafizəçinin əmək haqqı həmin yığılan pullardan ödənilir. Düzdür, printer üçün kağızı da o pulla alırdıq. Məktəbdə projektoru oğurlamışdılar, onu da yığıb aldıq. Amma bu qədər də olmaz axı. Nəyə görə valideyn mühafizəçinin, ya da xadimənin pulunu verməlidir?
Nə vaxta qədər məktəblərdə belə ”bazar" münasibəti olacaq? Uşağımı götürüb başqa məktəbə apara bilərəm, amma bütün məktəbləri soraqlamışam. Hər yerdə vəziyyət eynidir. Nə edək, Azərbaycandan gedəkmi? Adımın çəkilməsini də ona görə istəmirəm ki, müəllimə uşağımı sonradan sıxışdırmasın".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, pul yığan müəllimlərə sərt cəza tətbiq olunmalıdır: “Ümumiyyətlə qeyd etmək lazımdır ki, hər bir məktəbin maliyyələşməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait sərf olunur. Təhsil sahəsi bir neçə milyard büdcəyə malikdir. Siz büdcəyə baxsanız orada hər məktəbə kifayət qədər vəsaitin ayrıldığını görərsiniz. Bu məsələlərə son qoymalıyıq”.
Deputatın sözlərinə görə, 21-ci əsrə gəlsək belə hələ də bəzi məktəblərdə fond pulu yığılır:
“Sərt tədbirlər görülməlidir. Birmənalı olaraq pul yığılmasının qarşısı alınmalıdır. Bu işi görənlər də cəzalanmalıdır. Əgər cəza olmasa, heç bir nəticə əldə etməyəcəyik. Bütün məktəb direktorları yenidən yoxlanmalı¸fəaliyyətinə baxılmalıdır. Rüşvətə meyilli olanlar işdən çıxarılmalıdır”.
Nazirlik rəsmisi, “xadimələrə, mühafizəçilərə dövlət tərəfindən maaş verilmirmi, valideynlər onların məvacibini ödəyir” sualına belə cavab verib: “Xadimə texniki işçidir, təbii ki, onun maaşı dövlət tərəfindən ödənilir”.