“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Biləsuvar rayonunda şəhid ailələri, qazilər və müharibə iştirakçılarına hüquqi konsultasiya xidməti göstərib. Təşkilatın rəhbəri Xalid Kazımovun sözlərinə görə, Biləsuvar rayonuna səfər “Müharibədən zərər çəkən və digər aztəminatlı şəxslərə hüquqi dəstək” layihəsi çərçivəsində həyata keçirilib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihənin məqsədi şəhid ailələri, qazilər, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər və digər aztəminatlı şəxslərə hüquqi konsultasiya xidmətinin göstərilməsi, məhkəmədə müdafiəsinin təşkili ilə hüquqlarının qorunmasına dəstək verməkdir.
Layihə çərçivəsində sosial mediada Azərbaycanda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və müharibədən zərər çəkən digər şəxslərə qanunvericiliklə verilən hüquqlarla bağlı maarifləndirmə işi aparılır. Biləsuvar rayonuna səfər çərçivəsində şəhid ailələri, qazilər və müharibədən zərər çəkən şəxslərlə görüşülüb.
Biləsuvar rayonunda 17 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. Əsas müraciətlər əlilliyin təyin edilməsindən imtina, əlillik dərəcəsinin düzgün təyin edilməməsi, I Qarabağ müharibəsi iştirakçılarına Müharibə Veteranı adı verilməməsi, 44 günlük Vətən Müharibəsi iştirakçılarının müalicəsi, işlə, mənzillə və həyətyanı torpaq sahəsi ilə təminatı ilə bağlı olub.
Layihənin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov şəhid ailələri, qazilər və müharibə iştirakçılarını dinləyib. Həmin şəxslərin hüquqları və qarşılaşdıqları hüquqi problemlərin həlli yolları ilə bağlı suallarını cavablandırıb. Vətəndaşların qarşılaşdıqları problemlərlə bağlı qeydlər götürülüb. Vətəndaşların problemlərininin həlli ilə bağlı müraciətlər qarşıdakı müddətdə hüquqünas tərəfindən hazırlanaraq aidiyyatı dövlət qurumlarına göndəriləcək.
Qeyd edək ki, hüquqi konsultasiya xidməti hazırda da həm onlayn, həm də təşkilatın Bərdə rayonundakı ofisində göstərilir. Bundan başqa “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə də hüquqi məsləhətlər verilir. Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, apellyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil edilir. Hazırlanan sənədlər (ərizə, şikayət, müraciətlər, məhkəmələrə iddia, apellyasiya və kasasiya şikayətləri) birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (Maddi imkansızlıq, əlilliyi olan şəxslər, xidmət ofisləri olmayan rayonlardan kənarda yaşayan və hüquqi yardıma ehtiyacı olan insanlar) vətəndaşlara çatdırılır.