Noyabrın 15-də Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.
Məlumdur ki, Fransa tarix boyu işğal siyasəti yürüdüb və günahsız insanlara qarşı qətliamlar törədib. Hazırda da Fransa təcavüzkar Ermənistana dəstək verməklə, əslində, beynəlxalq hüquqa böyük hörmətsizliyini nümayiş etdirir. Buna görə də Fransa hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi ilə bağlı ölkə ictimaiyyəti arasında müzakirələr gedir.
Mövzu ilə bağlı politoloq Araz Aslanlının sözlərinə görə, Fransa Cənubi Qafqazda sülh prosesinə mane olmağa çalışır:
“Fransa Senatının qəbul etdiyi bu qərar nə beynəlxalq hüququn əsas prinsiplərinə, nə də Fransanın Avropa İttifaqı çərçivəsində Avropa dəyərləri ilə bağlı sadiq olduğu dəyərlərə uyğundur. Fransa Cənubi Qafqazda ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərə müvafiq davranmayıb. Regionda normallaşma prosesində də iştirak etməyib.
Ümumbəşəri olan prinsiplərə, dəyərlərə ziddir. Bunu sırf erməni lobbisinin maraqları ilə, Fransadakı müəyyən şəxslərin Cənubi Qafqazdakı sülh prosesinə maneə törətmək təşəbbüsləri ilə də izah etmək olar. Yəqin ki, səbəbləri çoxdur.
Fransa prezidentinin mütəmadi elan etdiyi sülhə töhfə vermək niyyəti ilə Senatın gördüyü iş üst-üstə düşmür. Heç bir müsbət tərəfi yoxdur. Sülh mühitini pozmağa və Ermənistanı revanşizmə meyil etdirməyə çalışırlar. Sülh prosesini ləngitməyə çalışırlar, amma alınmayacaq”.
Nəzrin Vahid