Ukrayna müharibəsindən qaçan 80 həmyerlimizi hazırda İstanbul hava limanındadır.
Bu barədə sosial şəbəkələrdə videolar da yayılıb.
Yayılan videolardan məlum olub ki, Azərbaycanın Ankaradakı səfirliyi onlara yardım edə bilməyib. Məcburiyyət qarşısında qalan müharibə qaçqını soydaşlarımız onlarla yaxından maraqlanan (Moldovada olarkən) Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanova telefonla zəng edərək yardım istəyiblər. Qüdsi Osmanov dünən gecə İstanbula gəlib.
Musavat.com xəbər verir ki, səfir hazırda dövlətin tapşırığı ilə müharibə qaçqınları olan soydaşlarımızın problemlərini həll etməklə məşğuldur. Yayımladığımız videoda da həmin prosesdən bir parça yer alıb.
Sözügedən görütüləri redaksiyamıza İstanbul hava limanında qalan həmyerlilərimiz yollayıb.
Türkiyədə böyük bir səfirliymiz olduğu halda, nəyə görə Moldovadakı səfirimiz İstanbuldakı qaçqın soydaşlarımıza yardım üçün gedir?
Bununla bağlı "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu da status paylaşıb.
Həmin statusu diqqətinizə çatdırırıq:
"Ankarada böyük səfirliyimiz olduğu halda, Moldova səfiri Qüdsi Osmanov gedib İstanbulda müharibə qaçqınlarının problemlərini həll edir. Heç nəyə yaramayan diplomat və müftəxor XİN çalışanlarını sistemdən uzaqlaşdırmaq lazımdır. Fərarilik edib, Kiyevdən qaçan Elmira Axundova hələ də Ukrayna səfiridir! Hələ də səfir kimi yüksək maaş alır! Belə olmaz axı!!! Bu yaramazları, öz vəzifəsinin öhdəsindən gələ bilməyənləri hələ də iş başında saxlamağın anlamı nədir! Fövqəladə durumlarda adekvat olmayan bütün dövlət kadrosu yenilənməlidir!"
Mənbə Musavat.com