Tağıyev ənənələri davam etdirilmir: “Bu gün xeyriyyəçilərin əsl məqsədi təbliğatdır” 

 13-11-2022

İnsan yaradılışdan özünəməxsus xüsusiyyətlərə malik olur. Bu xüsusiyyətlərdən, insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır.

Bu, insanlar arasındakı münasibətlərə də öz təsirini göstərir. Xeyirxahlıq odur ki, sən qarşı tərəfdən heç nə gözləmədən ona yaxşılıq edirsən. Keçmişə nəzər yetirsək, görərik ki, sözügedən xüsusiyyət ənənə olaraq gəlib, bu günümüzə çıxıb. Lakin əvvəllər xeyriyyəçilərin sayı çox idi. İmkanlı şəxslər xeyriyyəçiliklə məşğul olurdular. İndi isə sanki sayları azalıb. Bəziləri hətta bunu etməkdən belə qaçırlar.

Bəs görəsən, indi niyə Tağıyevlər yoxdur? Bu, nə ilə əlaqədardır?

Mövzu ilə bağlı açıqlama verən yazıçı Varis Yolçuyevin sözlərinə görə, ötən əsrdə xeyriyyəçilər xalqın içərisində olduğu üçün nəcib işlərlərlə məşğul olurdular:

“20-ci əsrin əvvəllərində Azərbaycanda sənaye burjuaziyası, daha dəqiqi neft burjuaziyası təşəkkül tapmışdı, ən məşhur nümayəndəsi Hacı Zeynalabdin Tağıyev  idi. Onların gəlirləri artdıqca, milyonlar qazandıqca bu pulun bir hissəsini xalqın güzəranına, maariflənməsinə, mədəni səviyyəsinin yüksəlməsinə xərcləyirdilər. Məktəblər açır, mətbuata, teatra pul ayırır, xaricdə tələbələr oxudur, xəstələri müalicə etdirir, arxitektura şedevrlərinə sərmayə qoyurdular.

İnsanların bu qədər nəcib işlərə imza atmalarının yalnız bir səbəbi vardı, onlar sadə xalqın içindən çıxmışdılar, öz xalqlarına bağlılıqlarını belə göstərirdilər. Və halal qazandıqları pulu ürəklə xeyriyyə işlərinə sərf edirdilər”.

V.Yolçuyev qeyd edib ki, indi isə imkanlı şəxslərin məqsədi xalqa fayda vermək deyil, tam əksidir:

“Ümumiyyətlə, bütün xalqların inkişafı milli burjuaziyanın formalaşması hesabına başa gəlir. Çox təəssüf ki, bu gün Azərbaycanda milli burjuaziya bir sinif olaraq mövcud deyil. Özü pul qazanıb dövlətinə və xalqına fayda verən bu təbəqə yoxdur, əvəzində biznesin böyük hissəsini əlində cəmləşdirən inhisarçı məmur təbəqəsi var ki, onların da məqsədi xalqa fayda vermək deyil, büdcədən daha çox pul talamaqla özlərinə xaniman qurmaqdır”.

Yazıçı, publisist Həmid Herisçi isə əlavə edib ki, Tağıyevin həmin məktəb ənənələri bərpa oluna bilər:

“Mənim nənəm Zəhraxanım Axundova Tağıyevin qızlar məktəbini bitirib. O mənə danışardı ki, məktəbin məzunlarının buraxılışında qəbul günü keçirilirdi və ora gələn şəxslər xeyriyyə pulları verirdilər”.

H.Herisçi bu gün xeyriyyəçilərin məqsədinin başqa olduğunu qeyd edib:

“Xeyirxahlıq edənlər iki cürdür. Bəziləri açıq, digərləri isə qapalı edir. Etdiyi əməli dilə gətirənlər də var, bu haqda ümumiyyətlə danışmayanlar da. Xeyriyyə işləri təbliğat üçün deyil. Təəssüf ki, 99 faiz təbliğata xidmət edir. Kimlərinsə başqa maraqları olur. Məqsəd orada xeyriyyə deyil, tamam ayrıdır”.

Nəzrin Vahid

Bənzər yazılar

0.20617198944092