Qanunsuz həbs həyatına məhkum edilmiş gənc bəstəkar, ictimai xadim Tural Bayraməliyev 4 il bundan öncə başlamış və son zamanlar təkrarlanan məhkəmə hakimiyyətsizliyinin dəhşətini son dərəcə ağrılı bir problem kimi hələ də yaşamaqdadır. Sirr deyil ki, məhkum damğası alaraq Turalın aqibətini bu gün yaşayan yetəri qədər insan var. Onlar məhz dirijor çubuğu ilə hərəkətə gətirilən və məhkəmə hakimiyyətsizliyinin səbəbi-simasına çevirilmiş hakim statuslu cinayətkar canilərin qurbanıdır. Ədalətsizliyin kök salaraq qol-budaq açdığı bu ölkədə onların və onlardan da daha çox türmə qapılarına məhkum olmuş ailə üzvlərinin, xüsusilə anaların və uşaqların gərgin emosianal halətini sözlə ifadə etmək mənim üçün müşküldür.
Haqqında söz açdığım məzlum məhkum Tural Bayraməliyev barəsində xeyli müddətdir media orqanlarında silsilə yazılar, məlumatlar paylaşılmaqdadır. Faktiki olaraq artıq sirr deyil ki, o qanunsuz həbs həyatı yaşayır. Həbsini qanuniləşdirən, ittiham olunduğu dələduzluq cinayətinin əsasını müəyyən edən heç bir sübut mövcud deyil.
Bu barədə kifayət qədər söz açmışam və ən mühümü onu vurğulamışam ki, Turalın həbsinə baiskar olan şəxs - Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı Şədiyyə Salehli Turalın ittiham olunduğu cinayət epizodu üzrə özü dələduzluğa, eləcə də saxta sənəddən istifadə etmə cinayət əməlinə yol verib. Ən azında məhkəmə qətnaməsi bunu təsdiq edir. Amma adı çəkilən şəxs günə qədər məhz öz himayədarlarının, bir o qədər də çirkli pulların hesabına cinayət məsuliyyətindən kənarda qalmağa müvəffəq olub.
Hansı ki, o himayədarlar vaxtilə mühüm dövlət postlarını tutmuş, ölkə başçısının etimadına xəyanət etmiş vəzifə sahibləridir. Keçmiş Baş Prokuror Zakir Qaralov, Bakı şəhər Baş Gömrük İdarəsinin keçmiş sədri Vüsal Novruzov bu arzuolunmaz hekayənin əsas simalarıdır. Məhz bu şəxslərin yaxın münasibəti nəticəsində Şədiyyə Salehlinin zahiri zərərçəkmiş statusu ilə Bakı Şəhər Prokurorluğunda prokuror İlqar Abbasovun təşəbbüsü ilə Tural Bayraməliyev haqqında cinayət işi başlanılmış, bu estafetin məhkəmə mərhələsini isə son dərəcə qanunsuz və sifarişli hökmləri ilə ad çıxarmış - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva başa çatdırmışdır. Məhz onun çıxardığı hökmlə Tural Bayraməliyev 8 il müddətinə haqqı olan azadlığından qanunsuz olaraq məhrum edilmiş və hələ də bu məhrumiyyət davam etməkdədir.
Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri bu qanunsuz hökmün yaratdığı cinayət tərkibinə ortaq olmaqdan çəkinmədilər. Bir neçə gün öncə isə Turalın işinə əlavə kassasiya qaydasında baxmalı olan Azərbaycan Respublikasınln Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu mühüm həyati vəzifəni qanunun və insan haqqının aliliyi naminə icra etmədi. Daha doğrusu icra etmək istəmədi. Ya müstəqil, ya da ki, məcburi; Hər iki halda hiddətli yanaşma, yaranmış gərgin qənaət və məsuliyyət məzmunu mövcuddur. Konkret məzmun isə ondan ibarətdir ki, Tural Bayraməliyevin işinə əlahiddə yanaşma mövcuddur. Məhz nüfuz alveri Turalın haqqı olan azadlığına qovuşmasına hələ ki, macal vermir. Lakin belə də qalmaz...
Ən dözülməzi odur ki, məhkəmə hakimiyyətsizliyin aşkar təzahürü olan bu hökm digər ədalətsiz və qanunsuz hökmlər kimi müstəqil, demokratik hüquqi dövlət olduğunu bəyan etmiş Azərbaycan Respublikasının adından çıxarılıb.
Samir ZEYNALOV,
Səlahiyyətli nümayəndə, hüquq müdafiçəsi