Artıq Rusiya-Ukrayna müharibəsi 48 gündür davam edir. Müharibə başlayandan bu günə qədər Ukraynada yaşayan soydaşlarımız arasında həlak olanlarla yanaşı, girov götürülən də var. Girov götürülən soydaşımız isə bu ölkədə təhsil alan 20 yaşlı Hüseyn Amin oğlu Abdullayevdir.
MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, ailəsinin sözlərinə görə, Hüseyndən 18 gündür ki, xəbər ala bilmirlər.
Ukraynanın Mariupol Dövlət Universitetində təhsil alan Hüseyn Rusiya ordusu Mariupol şəhərinə daxil olandan sonra şəhəri tərk edib. Axırıncı dəfə ailəsi ilə martın 5-də danışan Hüseyn, martın 17-də şəhəri tərk edib. Bu zaman o, xalası qızı ilə telefonla danışıb. Həmin vaxt hər şeyin normal olduğunu bildirən Hüseynlə sonradan əlaqə kəsilib.
Atası Amin Abdullayev deyir ki, yalnız 2 gündən sonra övladının əsir götürüldüyünü öyrəniblər. Girov götürülən Hüseynlə sonuncu telefon danışığı isə martın 25-də olub: “17-də oradan, burdan xəbər gəldi ki, bunlar çıxıblar Azərbaycana gəlməyə. Biz də sevindik ki, gəlir. 19-da eşitdik ki, rus əsgərləri uşağı girov götürüblər. 19-u martda özümüz zəng etdik telefonu açdılar. Dedilər ki, uşağınız girovdur bizdə. Dedik nə istəyirsiniz, dedilər ki, deyəcəyik sizə. Saat 12-nin yarısı əsirimiz var, onunla dəyişəcəyik. Ondan sonra yenə zəng çatmadı uşağa. 25 martda yenə zəng etdik, açdılar. Danışdım, dedim rus dilində zəif bilirəm, başa saldım, dedim anası ağlayır xahiş edirəm danışdırın, dedi olmaz. Ondan sonra dedim ki, rus dilində bilənlə gətrisək danışmaq olar? Dedilər ki, olar. Dostu, tələbə yoldaşı gəldi, aşdılar uşağnan danışdılar. Anası danışdı, mən danışdım”.
Amin Abdullayev deyir ki, hər yerə müraciət etmişik, Xarici İşlər Nazirliyinə, Ombudsmana, İcra başçısına. Ailə Rusiya və Ukraynanın ölkəmizdəki səfirliyinə də müraciət ediblər. Amma heç bir nəticə olmayıb.
Məsələ ilə əlaqədar Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundova ilə əlaqə saxladıq: “Mən bu barədə heç nə bilmirəm. Səfirlik hala hazırda orda işləyir mən bu barədə onlara deyərəm maraqlanarlar...”
Hüseynin atası deyir ki, oğlunu əsir götürənlər Qafqaz əsilli olublar. Bunu telefon danışığı zamanı hiss edib. Hüseynin tələbə yoldaşlarından biri isə diaspora nümayəndəsidir. Amin Abdullayev deyir ki, onunla tez-tez əlaqə saxlayırlar: “O deyirdi ki, 26-na qədər telefonun əhatə dairəsi Ukraynanın Berdyansk şəhərində görünürdü. Həmin tarixə kimi onun Berdiyanskda olduğunu demək olar. Hüseyn ordadır, Berdyanskda saxlayırlar onu. Ondan sonra bilinmir hardadı...”
İndi Hüseynin ailəsinin yeganə ümidi aidiyyəti orqanlara qalıb. Övladlarının tezliklə geri qaytarılmasını ümidlə gözləyirlər.