Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda son bir il ərzində 76 min 878 nəfər vəfat edib.
MillətinSəsi.İnfo açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, vəfat edənlərin 40%-i 65 yaşından aşağı şəxslər, yəni pensiya yaşına çatmayan şəxslər olub.
Pensiya yaşına çatmadan vəfat edən kişilərin sayı daha çox olub. İl ərzində vəfat edən kişilərin 47%-i və ya 21 min 339 nəfəri pensiya yaşına (65 yaş) çatmadan ölüblər.
Məlumat üçün bildirək ki, 12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.
Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.
Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.
Nəticədə son 12 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 63-ə (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb.
Bundan başqa, Hesablama Palatası növbəti ildən başlayaraq pensiyaçıların sayında nəzərdə tutulmuş artımın əsasən hüquqi aktlarda müsbət dinamikanın proqnozlaşdırılmasını həm pensiya təyinatı üçün müraciət edəcək şəxslərin sayının artması, həm də qanunvericilik üzrə şərtlərin optimallaşdırılması ilə əlaqəli olması qənaətindədir.
Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, orta aylıq pensiya məbləğinin dəyişməsinə təsir edən amillərdən biri də pensiyaçıların say göstəricisidir.
Cari ilin 01 yanvar tarixinə tərtib edilmiş statistik hesabata əsasən ölkə üzrə pensiyaçıların ümumi sayı 1200,5 min nəfər olub ki, bunun da 707,0 min nəfəri yaşa görə, 347,3 min nəfəri əlilliyə görə və 146,2 min nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərdir.
01 iyul tarixinə tərtib edilmiş statistik hesabatda isə ümumi pensiyaçıların sayında 41,3 min nəfər, yaşa görə pensiya alan şəxslərin sayında 6 min nəfər, əlilliyə görə pensiya alan şəxslərin sayında 38,3 min nəfər azalma, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayında isə 3 min nəfər artım qeydə alınıb.