Ötən il ərzində ölkə ərazisində 56 314 nikah, 17 191 boşanma faktı qeydə alınıb. Adətən boşanmalara səbəb olaraq qadın tərəf kişinin narkotik aludəçisi olmasını, kişi tərəf isə qadının əxlaqi problemlərinin mövcudluğunu əsas göstərir.
Ümumiyyətlə, son dövrlər narkotik asılılığı, ölkədə narkotik maddə istifadəçilərinin artması geniş müzakirə olunan məsələlərdəndir. Üstəlik, bu bəla təkcə kişiləri yox, artıq gənc qadınları da cənginə alır. Bütün bunlar isə nikaha daxil olarkən tərəflərin narkoloji testdən keçməsi təklifini ortaya çıxarıb.
Bəs görəsən, nikaha daxil olmaq üçün cütlüklərdən narkoloji müayinənin tələb olunması nə dərəcədə doğrudur və ya mümkündür?
İlk olaraq bildirək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Siyahıya daxil edilənlər isə hemoqlobinopatiya, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilis kimi irsi və yoluxucu xəstəliklərdir.
Məsələyə münasibət bildirən həkim-terapevt Rasif Bağırov Oxu.az-a açıqlamasında qeyd edib ki, nikahların bağlanması üçün tələb olunan tibbi müayinədə şəxsin özündən asılı olmadan başqasına zərər verə biləcək bir xəstəliyin daşıyıcısı olub-olmaması nəzərə alınır:
“Yəni yoluxucu və irsi xəstəliklər diqqətdə saxlanılır. Çünki bəzən olur ki, tərəflərdən biri digərindən nikaha əngəl olmamaq xatirinə xəstəliyini gizlədir. Bu xəstəlik isə həm partnyora, həm də gələcəkdə doğulacaq uşağa keçə bilər. Analiz verdikdə belə bir problem yaşanmır, xəstəlik aşkarlanır və tərəflər tam məlumatlı olur. Son olaraq yola bərabər davam edib-etməyəcəklərinə də belə bir vəziyyətdə qərar verirlər. Müayinə yaxşıdır ki, cütlüklər xəstəlik və görülməli olan tədbir barədə qabaqcadan məlumatlı olurlar”.
Həmsöhbətimiz bildirib ki, narkotik maddə asılılığı keçici, irsi bir şey deyil, hər şey fərdin özündən asılıdır, ona görə də siyahıda yer almır:
“Şəxs könüllü şəkildə müalicə alıb tam sağala bilər və ya əksini də etməsi mümkündür. Burda bir məsələ var ki, heç kim narkotik istifadəçisinin sağalıb-sağalmayacağını proqnozlaşdıra bilməz. Ona görə də birinin narkotik maddə qəbul etməsini əsas tutaraq onun evlənməsinə icazə vermək və ya verməmək doğru olmaz. Çünki narkomaniya müalicəsi olan xəstəlikdir. Üstəlik narkotik qəbul etdikdən üç-dörd gün sonra qanda aşkarlanmır. İstifadəçilər bunu bildiyinə görə rahatlıqla aludəçiliklərini gizlədə bilərlər. Amma nikah üçün müayinəsi nəzərdə tutulan həmin xəstəliklər irsi və ya yoluxucudur. Onlar nə valideynin, nə şəxsin iradəsindən asılıdır. Məhz ona görə əvvəlcədən onlar üzrə müayinə istənilir ki, gələcəkdə sağlamlıq baxımından yaşana biləcək ciddi problemlər barədə tərəflər məlumatlı olsunlar”.
Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Əsabəli Mustafayev isə diqqətə çatdırıb ki, əvvəllər nikaha daxil olmaq üçün heç bir tibbi arayış tələb olunmayıb:
“Ancaq sonralar insanlar arasında infeksion xəstəliklərin artmasını önləmək üçün testlərdən keçmək tələb olundu. Narkotik asılılıq isə keçici xəstəlik olmadığı üçün bunun müayinə siyahısına salınacağına ehtiyac olduğunu düşünmürəm. Hesab edirəm ki, bu heç düzgün də olmaz. Belə məsələlərdə ehtiyatlı olmaq lazımdır. Çünki insan haqları deyilən bir şey var, ona hörmət edilməlidir. Hətta şəxsin narkotik asılılığı varsa belə, onu analiz verməyə məcbur etmək olmaz. İnsanların müdafiəsi üçün infeksion, ölümlə nəticələnə biləcək ağır xəstəliklər müayinə olunmalıdır. Ümumilikdə isə nikaha girənlər bir-birini əvvəldən tam tanımalıdırlar”.
Sayad Həsənli