“O qədər ağrılarım var ki, səhərə qədər yata bilmirəm” – Qazi niyə əlillik ala bilmir?

 06-04-2022

“Tovuz döyüşlərindən sonra orduya könüllü yazıldım, 44 günlük Vətən müharibəsində iştirak elədim. Füzuli, Xocavənd istiqamətində ağır yaralandım. Qolumda, ayağımda, boynumda qəlpə yaraları var, səhhətim mənə işləməyə imkan vermir. Buna baxmayaraq 1 il 6 aydır ki, əlillik dərəcəsi ala bilmirəm”.

Bu şikayətlə Qafqazinfo.az”a Vətən müharibəsi qazisi Davud Bağırzadə müraciət edib.

Qazinin sözlərinə görə, onu ağır yaralı vəziyyətdə ön cəbhədən Füzuli Mərkəzi Rayon Xəstəxanasına təxliyə edərək əməliyyat ediblər.

Sonra Mingəçevir xəstəxanasına göndərilib, bağırsaq və qaraciyərindən əməliyyat olunub. Daha sonra Bakıda Hərbi Hospitalda müayinələrdən keçib və lazımi sənədlərini alıb:

“Mənə deyirlər ki, sizin xəstəliyinizə əlillik təyin olunmur. Nə etməli idim, ölməli idim? Qarnımda 20 tikiş var, qolumda qan işləmir, rahat hərəkət etdirə bilmirəm. Həm də hissiyat yoxdur. Ayağım da axsayır. Belimdə o qədər ağrılar var ki, səhərə qədər yata bilmirəm. Belim ağrımasın deyə taxta üzərində yatıram. İndi vəziyyətimə görə işləyə bilmirəm. Mənə 80 manat təqaüd verilir. O da heç dərmanlarıma kifayət eləmir, mən hər gün dərman atıram. O qədər əsəbi olmuşam ki, evimdə mənimlə rahat danışa bilmirlər.

Atam rəhmətə gedib, anam və bacımla qalırıq. Bacım ödənişli təhsil alır, onun üçün pul lazımdır. 27 yaşım var, indiyə kimi heç kimdən 1 manat pul istəməmişəm. Amma indi bu vəziyyətə düşmüşəm. Mən də işləyə bilmirəm ki, özümə baxım…”

Bənzər yazılar

0.26405596733093