“Location” gecə klubundakı partlayışa görə həbs edilən menecer obyekti qardaşı ilə birgə açıbmış - FOTOLAR

 05-04-2022

Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.

MillətinSəsi.info xəbər verir ki, “Qafqazinfo” həbs edilən menecer Orxan Səfərovla bağlı bəzi məlumatları əldə edib.

Məlum olub ki, O.Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində “Z Place” adlı gecə klubunu işlədib. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti icarəyə götürərək oranı "Location" gecə klubu adı ilə açıblar.

Fotoda Elşən Səfərov və qardaşı Orxan Səfərov:

Qeyd edilir ki, gecə klubunu icarəyə götürərək işlədən “Merser Food” MMC-nin hazırda 711 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi əvvəllər Umudov Qulu Adəm oğlu olub. Lakin şirkət sonradan əl dəyişdirib. Hazırda MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur. Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Fotoda solda Orxan Səfərov, sağdakı isə "Merser Food" MMC-nin keçmiş qanuni nümayəndəsi Qulu Umudov:



Qeyd edək ki, aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.

Prokurorluqdan verilən məlumata görə, toplanmış ilkin sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olmuşdur.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.

Bənzər yazılar

0.22672200202942