Sahib Məmmədov: “İş saatlarının dəyişdirilməsi ilə tıxac məsələsi həll olunmayacaq”

 23-10-2022

“Dövlət qurumları iş saatını dəyişsə, tıxaclar azalar. İnkişaf etmiş infrastrukturlar tıxac problemini həll edə bilməyib. Digər tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımından vacib hesab olunur. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır.

Bir çox Qərb ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu baxımdan dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər”.

Bu sözləri Milli Məclisin üzvü Vüqar Bayramov tıxaclarla bağlı problemlərin həll yolundan danışarkən deyib.

Bəs görəsən, iş saatlarının dəyişdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Oxu.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, iş saatlarının dəyişdirilməsi tıxacların azalmasına səbəb olmayacaq:

“Azərbaycanda qeyri-formal əmək bazarı həddən artıq yüksəkdir. Müəssisələrin əksəriyyəti çox kiçikdir. Bunların hansısa qrafika uyğunlaşdırılması mümkün olmayacaq. Bu əsas səbəblərdən deyil. Səbəblər müxtəlifdir. Şəhərin strukturu və küçələrinin sayı əhalinin sayına mütənasib deyil”.

S.Məmmədov yol infrastrukturunun düzgün qurulmadığını deyib:

“Parklamada xaos yaşanır. Bu səbəblərdən tıxac yaranır. İlk növbədə parklama işi düzgün təşkil edilməlidir. Şəhərdə küçələr daraldılıb, səkilər ləğv olunub. Piyadalar bu səbəbdən maşın yolu ilə hərəkət edirlər. Səbəblər bunlardır.

Təhsil müəssisələri, idarəetmə ilə bağlı binalar şəhərin mərkəzində yerləşir. Bütün bunlar hamısı tıxaclara gətirib çıxaran amillərdəndir. Berlin şəhərinin əhalisi bizdən çoxdur, amma tıxaclar çox nadir hallarda olur. Çünki orada düzgün tənzimlənir. Qeyri-rəsmi, güzəştə olan avtomobillər yoxdur. Onlar şəhərdə əhəmiyyətsiz dərəcədə tıxacı yaradırlar”.

Sahib Məmmədov əlavə edib ki, ictimai nəqliyyatın təşkili məsələsində ciddi problemlər var:

“Məktəblərin, idarələrin qarşısında daima avtomobillər dayanır. Problemə ilk öncə bunlardan başlamaq lazımdır. Sonradan iş qrafikinin dəyişdirilməsinə keçmək olar. Daha ciddi problem Sumqayıt əhalisinin Bakıya öz avtomobili ilə gəlib, tıxac yaratmasıdır.  

Əvvəllər tramvay xətləri var idi, hansı ki, insanları tıxacsız daşıya bilirdi. İndi elə deyil. Nəqliyyat vasitələri saatlarla tıxacda qalırlar. Bununla yanaşı, şəxsi avtomobillər üçün dayanacaqlar yaradıla bilər ki, insanlar şəxsi avtomobillərini orada saxlayıb, tramvayla tez işə çata bilsinlər. Əvvəlcə bu məsələlər öz həllini tapmalıdır. Sonradan iş qrafiki dəyişdirilə bilər. Tək iş qrafikinin dəyişdirilməsi ilə qətiyyən razı deyiləm”.

Nəzrin Vahid

Bənzər yazılar

0.36805820465088