Fəzail Ağamalı: “İran dünyada azərbaycanlıların bütün hüquqlarının pozulduğu yeganə yerdir” 

 22-10-2022

“İran dünyada azərbaycanlıların bütün hüquqlarının pozulduğu yeganə yerdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, fars-molla rejimi müstəqillik əldə etdikdən bu günə qədər hər zaman Azərbaycana qarşı qərəzli münasibət bəsləyib:

“İran Ermənistanın Azərbaycana təcavüzünü açıq, yaxud gizli şəkildə dəstəkləyib. Cənub qonşumuz düşüncələrində və əməllərindəki riyakarlıqla anti-Azərbaycan əməllərini pərdələyərək Ermənistanın genişmiqyaslı işğalını stimullaşdıran ölkələrdən ən birincisi olub. Bu, yaxın tarixdə İranın Azərbaycana qarşı münasibətinin acı mənzərəsidir. Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfəri Ermənistanla bərabər həm də İrana sarsıdıcı zərbə vurub. Ölkəmizin Vətən müharibəsindən sonra həm regionda, həm də dünya miqyasında nüfuzunun artması İranı son dərəcə narahat edib, qıcıqlandırıb. Bu gün Azərbaycanın güclü və qüdrətli olması, demokratik bir ölkə kimi yüksək inkişaf səviyyəsinə çataraq diqqət mərkəzində özünə yer tutması Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli azadlıq mübarizəsinə stimullaşdırıcı təsir göstərir. Ona görə də İran Azərbaycana qarşı münasibətdə indiki halda daha aqressiv mövqe tutmağa başlayıb”.

F.Ağamalı İranın milli azlıqların dilinin, mədəniyyətinin qorunmasına, inkişaf etdirilməsinə, onların cəmiyyətə inteqrasiya olunmasına kömək edəcəyini öz konstitusiyası ilə təsbit etdiyini diqqətə çatdırıb:

“Ancaq qonşu ölkə bu əməlləri ilə öz konstitusiyasına da hörmət etmir. Hansı ki, soydaşlarımız İranda milli azlıq deyil, aparılan araşdırmalar göstərir ki, azərbaycanlılar aborigen olaraq orada yaşayan əhalinin əksəriyyətini təşkil edirlər. Burada azlıqda qalan farslar və digər etnik xalqlardır. Buna baxmayaraq fars-molla rejimi şovinizmə söykənərək soydaşlarımızı sıxışdırır, onun milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz sıxışdırılır. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlər və hansısa bir yolla canını götürüb xaricə mühacirət edənlər də var. Dünyada yeganə yer İran deyilən ölkədir ki, orada azərbaycanlıların hüquqları bütün sahələrdə pozulur”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən söyləmiş olduğu fikirlər bu günə və gələcəyə hədəflənən, xalqımızın milli maraqlarını hərtərəfli şəkildə ehtiva edən mövqedir:

“Dövlət başçısının söylədiyi fikirlər birbaşa İranda yaşayan soydaşlarımızın hüquqlarının və təhlükəsizliyinin qorunmasına yönələn dahiyanə çağırışlardır. Ümidvaram ki, güneyli soydaşlarımız da hansısa formada bu fikirlərlə tanış olacaq, dərk edəcəklər ki, onların hüquqları Azərbaycan dövləti tərəfindən müdafiə olunur və bundan sonra da müdafiə olunacaq”.

Bənzər yazılar

0.32023310661316