Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisinə buraxılan 33 baş ceyranın təhlükəsizliyi barədə açıqlama verib.
Bunu Milletinsesi.info-a açıqlamasında nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, Cəbrayıl ərazisinə buraxılan ceyranların yırtıcı heyvanların hücumuna məruz qalma təhlükəsi azdır:
“Ceyranların həmin əraziyə buraxılması tarixən mövcud olan ceyran populyasiyalarının bərpasıdır. Onlar özlərinə yaşayış məskəni seçdikləri ərazilərə növbəti mərhələdə qrup şəklində ceyranların köçürülməsi layihəsi baş tutacaq. Həmin heyvanların davranışı, haranı yaşayış məskəni kimi seçmələri izləniləcək və növbəti dövrlərdə seçilmiş yerlərə yenidən ceyranların köçürülməsi davam etdiriləcək.
Təbii ki, vəhşi təbiətdə ceyranlar bir sıra yırtıcıların yem mənbəyidir. Onların təbii düşmənləri olan əsas yırtıcılar canavar, tülkü və digər bu cür heyvanlardır. 28 il işğal dövründə bu yırtıcıların da sayı kəskin azalıb. Digər tərəfdən ceyranın sürəti onun təbii düşmənlərindən qaçmağına imkan verir”.
Nazir müavini əlavə edib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə mina təhlükəsi var:
“Amma heyvanları buraxmaq üçün seçdiyimiz ərazi digər rayonlarla müqayisədə minalardan daha çox təmizlənib. Öncədən də baxış keçirilib və heyvanları buraxmaq üçün ən uyğun ərazi bura seçilib. Həm də, ceyranın çəkisi yüngül olduğundan minaların onlara xəsarət yetirmə ehtimalı çox azdır. Ceyranlarından bəzilərinin boynuna xalta keçirilib və GPS bağlantısı var. Gündəlik əldə olunan siqnallarla onların gəzdiyi areallar müəyyən edilir”.
V.Kərimovun sözlərinə görə, ceyranların bu dövrdə təbiətə buraxılması onların populyasiyasının artımına və yaşamaq üçün asanlıqla təbii ərazilər seçməsinə hədəflənib:
“Həmin ərazilərdə hələ ki, insanlar məskunlaşmayıb, infrastruktur layihələri isə yeni başlayıb. Nəticədə ceyranlar populyasiyalarını daha rahatlıqla artıra və yaşam areallarını asanlıqla seçə biləcəklər. Gələcəkdə ceyranların kütləvi yaşayış yerlərinin xüsusi mühafizə olunan təbiət ərazilərinə çevrilməsi nəzərdə tutulub. Bu addım reintroduksiya olunan ceyranları qorumaq, onların tarixi areallarında bərpasına kömək etmək məqsədi daşıyır”.
Qeyd edək ki, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb. Eyni zamanda, oktyabrın 19-da da əraziyə 18 ceyran buraxılıb.