“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”.
“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.
“Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da Heydər Əliyev ili olaraq qəbul edilməsindən məmnuniyyət hissi keçirdim”, - Türkiyə Prezidenti əlavə edib.
Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları Cəbrayıldakı erməni vandallığını görməzdən gəldiklərinə görə tənqid edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, işğaldan azad edilən qədim Azərbaycanın ərazisində ikinci hava limanının açılışına qatılmaq və sıxıntılı dövrdən sonra müasir tələblərə cavab verən belə limanın açılması hər ölkənin edə biləcəyi iş deyil: “Sağıma, soluma baxıram. Gör işğal dövründə Cəbrayılı nə hala gətiriblər?! Qardaşıma sual verdim və dedim ki, aidiyyəti beynəlxalq təşkilatlar gəlib bu mənzərəni heç görmədimi? Yox, gəlmirlər dedi. Niyə gəlmirlər, çünki öz üzqaralarını görəcəklər. Dağılmış olan şəhər və kəndlər qardaşım İlham Əliyevin rəhbərliyi ilə canlanır.
Bütün təmir-bərpa işləri ilə yenidən Azərbaycan inşa edilir. Hazırda bunları yaşayırıq və eşidərək deyil, görərək bu ifadələri istifadə edirik. Başda İlham Əliyev olmaqla bütün heyətin əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə, bu qədər qısa müddətdə Azərbaycan sanki küllərindən doğaraq yenidən ayağa qalxır. Azərbaycanlıların azad edilən torpaqlara geri dönüşü bizləri sevindirir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Zəngilan Hava Limanı Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir: “Belə önəmli layihədə Türkiyə şirkətlərinin də rol alması bizim üçün ayrı şərəfdir. Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara geri qayıtmağa başlaması bizləri artıq dərəcədə sevindirir.
“Türkiyə Qarabağdakı bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırdır. Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Bu addımlar Türkiyə şirkətləri ilə birgə atılıb. Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhər”lər olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır. Artıq həmrəylik içində atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, Cəbrayılda təməlini qoyduğumuz meşə təlimi və tingçilik mərkəzi də həmrəyliyimizin rəmzidir.
Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb Orta Dəhlizi marşrutu üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdiyini, otuz il verilməyən haqqını geri aldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Ermənistan ilə müzakirələrdə səmimi addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu ortaya qoyub. Hər zaman söylədiyim kimi, sülhün uduzanı olmaz. Yeganə məqsədimiz bölgəmizin firavan gələcəyini inşa etməkdir. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir. Açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır”.