44 günlük Vətən müharibəsində Azərbaycanın Qarabağın cənub istiqamətindəki sürətli hərbi əməliyyatları haqqındakı düşüncələrimizə yeni məlumatlar əlavə etmək üçün Cəbrayıla yola düşürük.
Dövlət Sərhəd Xidmətinin media nümayəndələri üçün təşkil etdiyi səfər, sərhədçilərin əməliyyatlar zamanı istifadə etdiyi taktika və manevrlərin dəyərləndirilməsində ümumi yanaşmaların nisbətən detallı təsvirə keçməsi baxımından mənim üçün önəmli idi.
Ona görə də iki il bundan öncə döyüşlərin qızğın vaxtında baş tutmuş uğurlu əməliyyatlar zəncirinin bir neçə həlqəsini gözlərimizlə görmək və hərbi cəhətdən jurnalist nöqteyi-nəzəri ilə qiymətləndirmək üçün beynimizdə münbit üfüqlər açılır.
Beləcə, Horadizi keçdikdən sonra Cəbrayılın Əmirvarlı və Soltanlı kəndləri istiqamətinə yol alırıq, yol boyu bizi təbiətin şıltaqlığı, duman, yağış və çiskin, digər tərəfdən isə bütün çətinliklərə öyrəşmiş qəhrəman hərbçilərimiz müşayiət edir.
Təbii ki, yağan yağış Cəbrayılın ətraf mühitini zəhərləyən minaları, partlamamış sursatları yuyub aparmayıb, ona görə də, maksimum ehtiyatlı olmaq barədə sərhədçilərdən təlimatlar alırıq və onların təhlükəsizlik üçün qurduğu nəzarət altında lazım olan nöqtələrdə işimizə başlayırıq.
Üçüncü eşelonun məhv edilməsi
Cəbrayılın Əmirvarlı və Soltanlı kəndləri 44 günlük müharibənin gedişatında azad edilib.
Sərhədçilərimizin ustalıqla keçirdiyi əməliyyatlar ermənilərin cəbhədəki növbəti məğlubiyyətləri üçün açar olub.
Həmin iki kənd, yəni Əmirvarlı və Soltanlı uğrunda gedən döyüşləri aparan hərbi zümrə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin hərbçiləri olub və bu tapşırığın onlara həvalə edilməsinin motivləri aydındır:
İranla sərhəd zolağının Cəbrayıl yönündəki işğal altında olan ərazilərin təmizlənməsini peşəkar qrup reallaşdırmalı idi.
Bu, sonrakı zamanlarda dövlət sərhədinin 132 kilometrlik hissəsinin bərpası marşrutunda vacib üstünlük qazandıracaqdı.
Əmirvarlı və Soltanlı istiqamətləri Ermənistan bölmələrinin Cəbrayıldakı üçüncü eşelonu olub, birinci və ikinci sədlərdəki məğlubiyyətlərdən sonra erməni hərbçilər həmin kəndlərdəki yüksəkliklərə çəkiliblər.
DSX polkovniki nə deyir?
Kənarda dayanan və soyuq hərbçi baxışları ilə ətrafa göz gəzdirən DSX-nin polkovniki, “Zəfər” ordenli, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Nəsib Mirzəyev jurnalistlərin qarşısına keçərək əməliyyatların gedişatı barədə bəzi məqamlara aydınlıq gətirir.
Cənab polkovnikin nə dediklərinə keçməmişdən öncə, onu bildirək ki, Əmirvarlı istiqamətində hazırda dayandığımız yüksəklik Cəbrayılın 8-10 kilometrlik hissəsini vizual və atəş nəzarətləri altında saxlamağa imkan verib.
Bu yüksəklik ermənilərdə olan müddətdə onlar Azərbaycan ordusunun hərəkət trayektorasını müşahidə edir və təhlükə yaradırdılar, bu irin vermiş yaranın kəsilib atılması isə çevik qüvvələr qarşısında qoyulmuş tapşırıq idi.
Mirzəyev hərbçilərə xas olan gur səslə bizə deyir ki, erməni bölmələrinin birinci və ikinci dayanıqlı nöqtələri əllərindən çıxdıqdan sonra onlar indi durduğumuz yüksəkliyi növbəti dayanıqlı cəmləşmə yerinə çevirməyə cəhd etmişdilər.
“Ermənilər Araz çayından Cəbrayıl şəhərinə qədərki bütün eşelonlarda xüsusi təyinatlı bölmələrini yerləşdirmişdilər. Çünki bilirdilər ki, bu ərazilərin, üçüncü nöqtənin onların əlindən çıxması Azərbaycan ordusunun dövlət sərhədini bərpa etməsi yolundakı əngəlləri aradan qaldıracaq”, - deyə Mirzəyev bildirir.
Ermənilər Əmirvarlı və Soltanlı istiqamətindəki Azərbaycan hərbçilərinin, hərbi texnikaların hərəkətliliyini vizual nəzarət altında saxlayacaqlarına inanıblar.
Çünki 10 kilometrlik düzəngah ərazidəki trayektoriyanı nəzarətdə saxlamağa imkan verən yüksəklik onları arxayınlaşdırırdı.
Ərazilərin minalanması, relyef baxımından mühəndis maneələrinin genişliyi də ermənilərin təsəvvürlərində göydəndüşmə fürsət sayılırdı.
Ancaq sən saydığını say, gör Azərbaycan sərhədçilərinin elit bölmələri nə düşünürlər.
Polkovnik Mirzəyev qeyd edir ki, onlar erməniləri duyuq salmamaq üçün yüksək peşəkarlıqla, gecə vaxtı hərəkət edərək sızma əməliyyatları həyata keçiriblər.
“Biz sızma əməliyyatları ilə indi dayandığımız nöqtələrə doğru hərəkət etmək üçün daha uzaq və çətin yollarla hərəkət etməli olduq. Ermənilər isə bunu hesablamamışdılar. Biz gecə vaxtı düşmən arxasına sızmağı bacardıq və onları məhv etdik. Bundan sonra ermənilər üçüncü dayanıqlı nöqtədən də geri çəkildilər”, - deyə polkovnik əlavə edir.
Döyüşlərin nişanələri də ərazidə qalmaqdadır, ətrafda xeyli müxtəlif çaplı mərmilər qalmaqdadır, ermənilərin vaxtı ilə qurduğu postda isə Ermənistan ordusuna məxsus hərbi geyimlər və müxtəlif ləvazimatlar hələ də “göz oxşayır”.
Əmirvarlı və Soltanlı istiqamətindəki həlledici uğur Azərbaycan hərbçilərinin Zəngilan, Qubadlı istiqamətlərinə yeni cığır açdı.
Polkovnik Samir Məmmədov və polkovnik-leytenant Ələddin Tağıyev də iki il öncə əməliyyat iştirakçıları kimi döyüş yolları barədə məlumatlar verirlər.
Xudafərinin alınması
İki il öncəki əməliyyatlarının izini təsəvvürlərimizdə daha da təfərrüatlı canlandırmaq üçün biz Xudafərin körpüsünə doğru istiqamət alırıq.
Xudafərin Azərbaycan mədəniyyətində xüsusi yer tutur, o taylı, bu taylı fiziki ayrılıq həsrətini mənəvi bağlarla kompensasiya edən bir simvoldur.
Xudafərin körpüsünə çatanda bizi hərbçilərimiz çaya qonaq edirlər, bundan sonra körpünün azad edilməsi əməliyyatları barədə məlumatlar verilir.
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov media nümayəndələrinə Xudafərinin azad edilməsi üçün həyata keçirilən əməliyyatlardan bəhs edir.
Cənab polkovnikin dediklərini ümumiləşdirsək, qeyd edə bilərik ki, Azərbaycan hərbçiləri sızma edərək Xudafərin ətrafındakı yüksəkliklərdə, əsasən də Darıdağda pusqu qurur.
Təbii ki, onların hərəkətlərini Azərbaycan ordusunun balansında olan pilotsuz uçuş aparatları müşayiət edib ki, düşmənin canlı qüvvəsi, texnikası barədə ətraflı məlumatlar toplanılsın.
Pusquda oturan qrup düşmənin texnikasını, canlı qüvvəsini məhv etməyə nail olaraq Xudafərin körpüsünü əsl sahiblərinə qovuşdurur.
Hərbçilərimizlə söhbətdən aydın olur ki, ərazidə, elə sərhədçilərimizin öz dili ilə desək, axtarış işləri getsə də, maksimum ehtiyatlı olmaq lazımdır, çünki mina təhlükəsi hələ də sovuşmayıb.
Nisgilə son
Bu arada, Xudafərin körpüsünün canını Ermənistanın işğalından azad edilməsi Azərbaycan dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətin əldə edilməsi üçün mühüm çəki qazandı.
İndi Azərbaycan-İran sərhədinin Araz çayı ilə ayrılan sərhədini DSX-nin hərbi qulluqçuları mühafizə edir. Xudafərin nisgilinə son qoyulması həm də Arazın o tayı ilə bu tayı arasında qırılmış bağı bərpa edən simvolu dirçəltdi.
Bu mənəvi dirçəliş tablosunun fiziki elementləri isə qəhrəman sərhədçilərimiz qoruyur!!!
Aqşin Kərimov
Daha çox foto burada: Photostock.az