“German” Hospitalın həkiminə ŞOK İTTİHAM: “O həkimə görə ana olmaq imkanından məhrum olmuşam”

 03-04-2022
““German” Hospitalın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində mənim həyatım demək olar ki, məhv olub. Mən ana olmaq imkanından məhrum olunmuşam, sağlamlığıma ağır zərər vurulub”. 
 
MillətinSəsi.info bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin xəstəxanada əməliyyat olunmuş Türkan Bayramova müraciət edib. Onun sözlərinə görə, bir müddət öncə hamiləlik zamanı üzləşdiyi problemlərlə əlaqədar “German” Hospital klinikasında fəaliyyət göstərən həkim Zeynəb Şaqidulinaya müraciət edib.
 
Xəstənin iddiasına əsasən, həkim onu müayinə etdikdən sonra fallopiya borusunda problem olduğunu müəyyən edib, təmizləyəcəyini və bundan sonra rahatlıqla hamilə qala biləcəyini bildirib: “Lakin əməliyyat zamanı razılığım olmadan borunu kəsib. Əməliyyat ötən ilin dekabrın 9-da olub. Əməliyyatdan öncə bütün tələb olunan analizlərdən ve müayinələrdən keçdim. Həkim əməliyyat xərclərinin ilk öncə analizlərlə birlikdə ümumi 1000 manat olacağını bildirmişdi. Lakin əmaliyyat günü müəyyən oldu ki, analizlərə görə, ayrıca 160 manat ödəməliyəm. Əməliyyata görə 900 manat kassaya, 300 manat isə həkimin bank kartına göndərdim.
 
Analizlərin nəticəsinə görə əməliyyat olunmağım üçün bir problem yox idi. Əməliyyat olundum və anesteziyadan ayıldıqdan sonra həkim mənə bildirir ki, borunu kəsib xaric etməli oldular. Səbəb kimi də pis vəziyyətdə olmasını bildirdi. Halbuki mənim buna razılığım olmamışdı. Daha sonra əməliyyat yeri ilə yanaşı sol ayağımda (dizə qədər olan hissə) və cinsi orqanımın bir hissəsində kəskin ağrılar var idi. Həkimə bunu bildirdikdə dedi ki, bu normaldır və keçəcək”.
 
Vətəndaş deyir ki, ağrılar azalmaq əvəzinə daha da artıb: “Bir həftə sonra tikişləri çıxartmaq üçün xəstəxanaya getdim. Əməliyyatdan sonra yaranan ağrılarım barəsində yenidən həkimə şikayətimi bildirdim. Həkimdən soruşdum ki, əməliyyat zamanı sinirə toxunulma ehtimalı varmı? Buna cavab olaraq həkim bildirdi ki, var və 1 aya keçəcək. Ağrılar dözülməz həddə çatdığına görə 1 həftə sonra yenidən həkimə müraciət etdim. Mənə təqribi 300 manat dəyərində vitamin resepti yazdı və bildirdi ki, bu vitamin kursu bitdikdən sonra keçəcək. Lakin heç bir yaxşılaşma olmadı”.


Türkan Bayramovanın sözlərinə görə, başqa ginekoloqun müayinəsinə də gedib. Ona əməliyyat videosunu göstərdikdə bildirib ki, əməliyyat zaman lazımsız yerlərə toxunublar: “Zeynəb doktordan xahiş etdim ki, bu fəsadları aradan qaldırmaq üçün mənə yardım etsin. Həkim məni “German” Hospitalda çalışan nevropatoloq müayinəsinə dəvət etdi. Həmin müayinəyə getdikdə otaqların birində elə özünün də iştirakı ilə digər xanım nevropatoloq mənə sadəcə göz ilə baxıb müayinə etdi. Heç bir analiz, ya da MRT-yə göndəriş olmadan mənə soyuqdəymə diaqnozu qoydu. Baxmayaraq, artıq əməliyyatdan 3 ay keçib yaranan fəsadları hələ də aradan qaldıra bilməmişəm. Bu 3 ay ərzində mən xeyli vəsait xərcləmişəm”.

Vətəndaş bildirir ki, məsələ ilə bağlı xəstəxanaya məktub yazıb. Cavab gəlmədiyi üçün baş həkimin qəbuluna da gedib: “Bir gündən sonra onlardan əl çəkməyim üçün mənə əməliyyat pulunu qaytardılar. Təəssüf ki, bu məbləğ mənim problemimi həll etmir. Nevropotoloqlar tərəfindən mənə bildiriblər ki, yazılan müalicələr fəsadları aradan qaldırmasa, gələcək müalicə digər ölkədə olmalıdır. Çünki bizdə belə növ müalicə yoxdur. Zeyneb doktorun yanına getdikdə o bildirdi ki, yalnız 500 manat verə bilər. Əlavə olaraq bildirir ki əməliyyat uğurlu keçib, həmçinin deyir ki, əməliyyatda assistent olduğuna görə biz məhkəməyə müraciət etsək belə ona məhkəmənin heç bir sualı olmayacaq, gedib hara istəsək şikayət edə bilərik. Həmçinin mənə əməliyyata aid sənədlərin nüsxəsini verməkdən imtina ediblər. 

Hazırda mən gəzə bilmirəm, əmək qabiliyyətimi itirmişəm. Şəxsi gigiyenamla məşğul ola bilmirəm. Ağrıdan şalvar geyinmək belə olmur. Əməliyyatdan sonra yaranan bu fəsada görə mən hamiləlik planlanması da edə bilmirəm. Çünki fəsadların aradan qaldırmaq üçün yazılan müalicə və dərmanlarla hamiləlik planlamaq olmaz”. 

Türkan Bayramova şikayətlə bağlı prokurorluq orqanlarına da müraciət etdiyini qeyd edib.

Məsələ ilə bağlı “German” Hospitalın həkimi Zeynəb Şaqidulinanın özü ilə əlaqə saxladıq.

Həkim “Qafqazinfo”ya açıqlamasında iddialara cavab olaraq bildirdi ki, əməliyyat zamanı pasiyentin icazəsi olmadan heç bir iş aparılmayıb: “Bəli, bu xanım bizim klinikada əməliyyat edilib. Lakin onun razılığı olmadan heç bir proses aparılmayıb. Tək o xanım deyil, ümumiyyətlə bütün əməliyyatlarda pasiyentin razılığı olmalıdır. Biz Türkan Bayramova ilə əməliyyatdan əvvəl danışmışıq və ona izah etmişəm ki, mümkün olsa, boru təmizlənəcək, əgər mümkün olmasa, o zaman kəsilib xaric ediləcək. Onun razılığı ilə əməliyyat həyata keçirilib. Düzdür, sonradan ağrılarının olması ilə bağlı müraciət edib və mən də onu xəstəxanamızın nevroloquna yönləndirdim. Nevroloq bu xanımı tam təmənnasız müayinə edib və müalicə yazıb. Amma əslində bunu biz etməli deyildik. Hətta Türkan Bayramova başqa həkimə müraciət etmişdi, həmin həkim də eyni diaqnozu qoymuşdu. Lakin Türkan xanım özünü elə aparır ki, sanki həyatı təhlükəsi var. Axı belə deyil. Onun sinir sistemi zədələnməyib. Əməliyyatın görüntüləri də var”.

Həkimin sözlərinə görə, Türkan Bayramovanın təkrar əməliyyata ehtiyacı olsa, bunu icra edə bilərlər: "Lakin o dedi ki, bizə inanmır və müalicəsini başqa yerdə etdirmək istəyir. Dedi ki, buna görə ona pul verək. Həyat yoldaşı da ağlayırdı ki, əməliyyatı etdirmək üçün borc alıb, imkanı yoxdur. Onun əməliyyat pulunu 1200 manat olaraq geri qaytardıq. Ekspertiza da aparılmışdı və məlum olmuşdu ki, əməliyyatda bizim tərəfdən heç bir yalnış olunmayıb. Həyat yoldaşı ilə danışıb yenidən xanımın vəziyyəti ilə maraqlananda mənə dedi ki, xəstəxananın verdiyi pul onun müalicəsinə bəs etmədi. Mən ona kömək məqsədilə pul verəcəyimi dedim. Lakin o mənim verəcəyim pulla kifayətlənmək istəmədi. Məndən 5000 manat pul istədi. Bundan sonra bir də mənə yaxınlaşmayıb. Bu danışıqdan sonra bir daha danışmamışıq.

Bu xanım heç bir sosial şəbəkə hesabında bu məsələ ilə bağlı öz adı ilə heç nə paylaşmır. Tanışları paylaşır. Ayrı-ayrı səhifələrdə bu barədə paylaşımlar edilir, lakin özü etmir. Çünki çox yaxşı bilir ki, haqqımda yalan danışdığına görə mən onu məhkəməyə verəcəyəm”.

Mənbə Qafqazinfo.az

Bənzər yazılar

0.33735704421997