Müasir Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə ən innovativ müharibələrdən biri kimi düşdü. Vəzifəsindən və sosial vəziyyətindən asılı olmayaraq qəhrəman Azərbaycan oğulları torpaqlarımızı azad edib 27 illik həsrətə son qoydular.
Vətən müharibəsində könüllü iştirak edənlər arasında Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin müavini Nəzrəddin Əhmədzadə də olub.
O, “Report”a müsahibəsində müharibə ilə bağlı təəssüratlarını, özünün və təmsil etdiyi qurumun döyüş vaxtı, eləcə də döyüşdən sonra gördüyü işlər haqqında danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Nəzrəddin müəllim, istərdik, ilk olaraq ASCO-da Şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə iş üzrə Komissiyanın yaradılmasının məqsədi və fəaliyyəti haqqında məlumat verəsiniz.
- Bu komissiya yaradılana qədər də ASCO-da şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə baxılırdı. Müraciətlərə daha operativ yanaşılması məqsədilə səhmdar cəmiyyəti sədrinin qərarı ilə Şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə iş üzrə Komissiya yaradıldı və mən həmin komissiyanın sədri təyin olundum. Vətən müharibəsində iştirak edən digər 3 əməkdaşımız isə Komissiyaya üzv oldu. Ümumilikdə, bu komissiya 7 nəfərdən ibarətdir və bizə imkan verəcək ki, bu həssas təbəqənin müraciətlərinə daha operativ cavab verək. Bu vaxta qədər ASCO-ya müraciət etmiş 108 Vətən müharibəsi iştirakçısını işlə təmin etmişik. İndiyədək, bu tipli 200-dən çox müraciətə baxılıb.
- Komissiyaya ən çox hansı məsələlərlə bağlı müraciətlər daxil olur?
- Təbii ki, ən çox müraciətlər işə qəbulla bağlıdır. Bir daha təkrar edirəm ki, onlardan yalnız 108-ni işlə təmin edə bilmişik. Təəssüf ki, bütün müraciətlərə müsbət cavab verərək hamını işlə təmin etmək imkanımız yoxdur.
Həmçinin qazilərimiz sağlamlıq durumları, sosial yardım, təhsil haqqına güzəştlər edilməsi və başqa bu tipli məsələlərlə bağlı müraciət edirlər. Müraciətlər fərdi qaydada araşdırılır və müvafiq qaydada həlli istiqamətində işlər görülür. Artıq bir neçə qazimizə onların sağlamlıqlarında yaranan problemlərlə bağlı kömək göstərilib. Bu yaxınlarda biz məlumat aldıq ki, ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) Vətən müharibəsi iştirakçısı qəbul olub. Həmin tələbənin - İvan Levşanın 3 illik təhsil haqqının ödənilməsini ASCO üzərinə götürdü. Bununla bağlı qərarı sədrimiz Rauf Vəliyev yüksək bal toplayan tələbələrlə görüşdə açıqlamışdı.
Komissiyaya tapşırılıb ki, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının müraciətləri operativ araşdırılsın. ASCO olaraq görülən işlərlə bağlı mütəmadi olaraq həm dövrü mətbuatda, həm də rəsmi sosial şəbəkə hesablarımızda ictimaiyyətə məlumat veririk.
Onu da əlavə edim ki, hər ay həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində ailəsində şəhid olan ASCO əməkdaşlarına 300, müharibə əlillərinə 250, müharibə iştirakçılarına 150 AZN ödəniş olunur.
- Biz sizi həm də Azərbaycanda Vətən müharibəsinə könüllü yollanan azsaylı məmurlardan biri kimi tanıyırıq. Necə oldu belə bir qərar verdiniz?
- Vətən müharibəsi dövründə ASCO-dan mən də daxil olmaqla ümumilikdə 58 nəfər döyüşlərdə iştirak edib. Yəqin ki, məlumatınız var. Mən işğal olunmuş Qubadlı rayonunda doğulmuşam və 11 yaşıma qədər orada böyümüşəm. Atam da hərbçidir. Ulu öndər Heydər Əliyev onu “Azərbaycan bayrağı” ordeni ilə təltif edib.
Qısa desəm, müharibənin ən qanlı-qadalı dövrləri mənim uşaqlığıma düşüb. Hələ də kəndimizdə keçirdiyim o xoşbəxt günlərimiz gözümün önündədir. Təəssüf ki, Ermənistanın işğalçı siyasəti nəticəsində biz 1993-cü ilin avqustun 31-də məcburi köçkün düşdük.
Daim arzu edirdim ki, torpaqlarımız azadlığa qovuşsun və hərbi əməliyyatlar olacağı təqdirdə mən də iştirak edim. Şəhid Milli Qəhrəmanımız Əliyar Əliyevin keçdiyi döyüş yolu, onun qəhrəmanlığı, vətənə olan bağlılığı məni daha da ruhlandırırdı. 2006-cı ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işə qəbul olundum. Bir neçə il ərzində hərbçi kimi çalışdıqdan sonra 2014-cü ilin 2 sentyabrında dövlət başçısının sərəncamı ilə ASCO-ya sədr müavini vəzifəsinə təyinat aldım. Hazırda da ehtiyatda olan zabitəm.
2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatçı hücumu və bizim ərazi bütövlüyümüzü təhdid altına alması, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayevin şəhid olması digər həmvətənlərimiz kimi məni də hiddətləndirmişdi. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatı ilə Vətən müharibəsi başladı və mən də torpaqlarımızın azad olunması üçün bir vətəndaş kimi könüllü olaraq silaha sarıldım.
“N” saylı hərbi hissədə qeydiyyata alındım. Lələtəpə istiqamətindən döyüşlərə başladıq və düşmənin keçilməz sədd dediyi “Ohanyan səddi”ni keçməyə müvəffəq olduq. Ali Baş Komandanın da dediyi kimi qəhrəman əsgərlərimiz qorxmadan, çətinliklərə baxmadan əzmlə mübarizə apardılar. Bir faktı da deyim ki, yalnız bizim qarşımıza bu istiqamətdə 7 sədd çıxdı və hamısını aşmağa nail olduq. Mən getdiyim cəbhə üzrə Cəbrayılın Mehdili kəndi azad edildi. Daha sonra isə Nüzgar, Quycaq, Horovlu, Çərəkən kəndləri və Cəbrayıl rayonunun mərkəzi erməni işğalçılarından təmizləndi.
Daha sonra isə dağ yolu ilə Cəbrayılın Daş Veysəlli, Minbaşılı, Hovuslu, Sofulu, Dağ Tumas, Dağ Maşanlı kəndlərini azad edib Qubadlının Cəbrayılla sərhəd kəndi olan Balasoltanlıya çatdıq. Dağlıq ərazidən Qubadlıya qədər olan döyüş yolumuz çox ağır oldu. Bu istiqamətdə bir çox itkilərimiz oldu, o cümlədən Milli Qəhrəman, polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucaldı.
Döyüşlərdə düşmənin rabitə sistemlərini tez-tez dinləmək imkanımız olurdu və ən çox eşitdiyimiz bu olurdu ki, “Necə olur olsun, Qubadlı təslim edilməməlidir”.
- Doğma kəndiniz olan Dəmirçilərə necə çatdınız. Orada hansı hissləri keçirirdiniz?
- Kəndimizə 2020-ci ilin oktyabrın 26-da günün ikinci yarısı saat, təxminən, 4-5 radələrində getmişəm. Qoyub gəldiyimiz kəndimizdən heç bir əsər-əlamət yox idi. İşğal olunmuş digər torpaqlarımız kimi kəndimiz də xarabalığa çevrilmişdi. Baxmayaraq ki, uşaq vaxtı oradan çıxmışam, amma hər qarışı yadımda idi. Təxminən, 100 evlik bir kənd idi. Kənd azad edildikdən sonra ilk işim öz evimizə gəlmək oldu. Təbii ki, evimizi elə görmək məni məyus etsə də, doğma yurd yerimizə qayıtmağıma görə sevincimin həddi-hüdudu yox idi.
- İşğal dövründə evinizdə yaşayış olubmu?
- Müşahidələrim əsasında deyə bilərəm ki, daimi yaşayış olmayıb. Ərazidən heyvandarlıq məqsədi ilə istifadə edilib. Çox güman ki, o da ailə deyil, köçəri həyat keçirən çobanlar olub. Kəndimizin məscidində donuz saxlamışdılar. Onları yemləmək üçün axurlar düzəltmişdilər. İlk işimiz elə məscidi təmizləmək oldu. Kəndimizi qarış-qarış gəzdim.
- Hər iki Qarabağ müharibəsini görmüsünüz. Bu baxımdan həm ötən əsrin 90-cı illərinin, həm də indiki dövrün ordusunu müqayisə etmək imkanınız olsa, nə nəticə çıxarmaq olar?
- Mən ötən əsrin 90-cı illərində orduda olmasam da, atam hərbçi idi. Həmçinin kəndimizdə əli silah tutan hər kəs könüllü şəkildə orduya yazılmışdı. Bilirsiniz ki, o vaxtlar hamı mübarizə əzmində olsa da, vahid komandanlıq olmayıb, ordunun koordinasiyası, təminatı ilə bağlı ciddi çatışmazlıqlar yaşanıb. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ordudakı bu problemlərin həllinə nail oldu. Məhz onun həyata keçirdiyi ordu quruculuğu siyasəti nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə qazandıq. Vahid komandanlıq, səriştəli idarəetmə, ordumuzun əzmkarlığı bu qələbəni şərtləndirdi. Döyüşlərdə də hər dəfə düşmənin qüvvələri, qrupları məhv edildikdən sonra ilk sözümüz bu olurdu: “Şəhidlərimizin qisasını alırıq!”
- İnsanlar arasında bəzən belə fikirlər gəzir ki, “müharibə yalnız kasıb balası üçündür”, “məmurlar heç vaxt övladını döyüşə göndərmir” və s. Kifayət qədər yüksək vəzifəyə sahib məmur olaraq müharibəyə könüllü yollanmısınız. Döyüş vaxtı gördüyünüz mənzərə deyilən fikirləri təsdiq edir, yoxsa əksinədir?
- Təəssüf ki, bəzən cəmiyyətdə belə fikirlərə rast gəlirik. Vətəni qorumaq, müdafiəsində dayanmaq vəzifəmizdən asılı olmayaraq hər birimizin vətəndaşlıq borcudur. Mən ehtiyatda olan zabit olduğum üçün Zəfər yürüşündə iştirak etməyə şansım oldu. Bildiyim bir çox məmur var ki, bu gün də vətənin müdafiəsi naminə silaha sarılmağa hazırdır.
Döyüşlər vaxtı məmurlarımızın ordumuza dəstəyini də gördük. Kifayət qədər yüksək vəzifədə olan məmurlar dəfələrlə əsgərlərimizlə görüşə gəlir, onlara yardımlar gətirirdilər.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri bizim doğmamız, qardaşımızdır. Bir misal da gətirmək istərdim. Bu verdiyiniz suala həm də oxucularınızda ümumi mənzərə yaratmaq üçün cavab da ola bilər. Vətən müharibəsində ASCO-da müxtəlif vəzifələrdə çalışan altı əməkdaşımızın ailə üzvləri arasında da şəhidlik zirvəsinə yüksələnlər oldu.
- Bəzən eşidirik ki, məcburi köçkünlər artıq ölkənin digər yerlərində tam məskunlaşıb və bu baxımdan onlar yenidən həmin ərazilərə getməyəcəklər. Sizin özünüzdən götürsək, köç başlayanda getmək fikriniz varmı?
- Qubadlı rayonu Dəmirçilər kənd icra nümayəndəliyi Böyük Qayıdışla bağlı sakinlər arasında sorğu keçirirdi. Biz də digər kənd sakinləri kimi ailəlikcə sorğuda iştirak etdik. Həm ailə üzvlərim, həm kənd sakinlərinin hər biri öz torpağımıza qayıtmaq istədiyimizi bildirmişik.
1993-cü ilin avqustun 30-na kimi kəndimizdə həyat öz axarı ilə gedirdi, amma 31-i birdən-birə insanlar öz doğma yerlərindən pərən-pərən düşdülər. Elə adam var ki, 30 ildir mən onu görə bilməmişəm. Bunun necə əzablı olduğunu yaşayan bilər.
Mənim şəxsi planlarıma gəlincə, icazə verildiyi təqdirdə ora köçməyi planlaşdırıram.
- 2020-ci ilin noyabrında Ermənistan kapitulyasiya aktına imza atdı. Amma bu gün bəzi revanşist qüvvələr hansısa addımlar atmağa cəhd edirlər. Əgər imkan yaranarsa, yenidən döyüşlərə qoşulmaq istərdinizmi?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, Azərbaycan dəfələrlə ən ali tribunalardan bəyan edib ki, ölkəmiz sülh şəraitində yaşamaq istəyir. Bunun üçün Ermənistana təqdim olunan şərtlər haqqında da hər kəs məlumatlıdır. Amma Ermənistanda siz dediyiniz kimi bəzi revanşist qüvvələr ara-sıra bu sülhə kölgə salacaq bəyanatlar səsləndirilər. Ali Baş Komandan İlham Əliyevin bu yaxınlarda verdiyi bəyanatı xatırlatmaq istəyirəm: “Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.
Döyüşlər olacağı təqdirdə yenidən orduya getmək məsələsinə gəlincə, əlbəttə, ərazi bütövlüyümüzə hər hansı təhlükə yaranarsa, mən ehtiyatda olan zabit kimi yenidən silaha sarılmağa hazıram. Uşaqlıqdan güllənin, mərminin, artilleriyanın səsini eşitmişik və ona görə də qorxu hissi bizdən uzaqdır.
- Bəzən yollarda şəxsi nəqliyyat vasitəsinə “qazi”, “Vətən müharibəsi iştirakçısı” yazıb, onu dövlət nömrə nişanı olmadan, bütün yol hərəkəti qaydalarını pozmaqla idarə edən sürücülərlə qarşılaşırıq. Yəqin ki, siz də avtomobil idarə edirsiniz. Sürücü və Vətən müharibəsi iştirakçısı olaraq buna münasibətiniz necədir?
- Belə hallar yolverilməzdir. Şəxsən mən bunu heç də müsbət qarşılamıram. Hamı qanun qarşısında bərabərdir. Mən də özüm avtomobil idarə edirəm. Sürücü olaraq yol hərəkətinin təhlükəsizliyini təmin edən Dövlət Yol Polisi Əməkdaşlarının qanuni tələblərinə tabeyəm.
Qayda pozanlarla bağlı İnzibati Xətalar Məcəlləsi var. Belə pozuntuya yol verən şəxslər həmin məcəllənin müvafiq maddəsi ilə cəzalandırılmalıdırlar. Vətən müharibəsi iştirakçısı olaraq bu məsələdə hansısa güzəşt gözləmək yanlışlıqdır. Güzəşt başqa məsələlərdə ola bilər.
Amma belə hallar qanun pozuntusudur. Yol hərəkəti qaydalarını pozmaqla qəza şəraiti yaratmaq, insan həyatı ilə oynamaq və sonda güzəşt gözləmək yolverilməzdir.
- Müsahibə üçün təşəkkür edirik.
- Sağ olun.