Bakıda gecə klubunda PATLAYIŞ; 1 nəfər ölüb, 31 nəfər yaralanıb

 03-04-2022

Bu gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən  gecə klubunda  yanğınla nəticələnən partlayış baş verib.

Baş verən hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakının mərkəzində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Prokurorluqdan MillətinSəsi.info-ya daxil olan məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən  gecə klubunda  yanğınla nəticələnən partlayış baş vermişdir.

Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyi də Bakı şəhərinin mərkəzindəki gecə klubundakı partlayışla bağlı məlumat yayıb.

FHN-nin məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb. 

Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir. 
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerində olub.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var”.

Həmçinin, TƏBİB Bakıda baş vermiş partlayışla bağlı məlumat yayıb.

MillətinSəsi.info-nunn xəbərinə görə, məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar”.

Bundan başqa, Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfəri xarici ölkə vətəndaşıdır. 

TƏBİB-dən verilən məlumatda bildirilib ki, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb,  vəziyyəti stabildir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hadisə yerindən olan "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.

Bundan əlavə Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış nəticəsində 13 avtomobilə ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən dəymiş ziyanın miqyası ilə bağlı təfərrüatlar araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən MillətinSəsi.info-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən  ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunmuşdur.

Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 31 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir.

Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəymişdir.

 Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Bənzər yazılar

0.21794295310974