İllərlə yalançı qəbirlə özünə təsəlli verən, oğlunun sümüyünün tapılmasına qurban deyən ANA

 02-04-2022

“Bu ilin yanvarında oğlum yuxuma girmişdi. Görürəm ki, evimizə gəlib və tez onu qucaqlayıram, çay verirəm. O da mənə deyir ki, ana, mən gedirəm. Deyirəm ki, İlham, hara gedirsən?

Axı mən sənin gəlişinə qurban demişəm... Oğlum gülür və “ana, mən də gəlişimə qurban demişəm” deyir. Bəlkə də sümükləri tapılacaqmış, ona görə yuxuma girib, bilmirəm... Oğlumun sümüklərinin tapılmasına qurban demişəm (ağlayır)”.

Bu sözləri Oxu.Az-ın əməkdaşına Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş hərbçilərdən biri Dadaşov İlham Adil oğlunun anası Elmira Dadaşova bildirib.

Elmira ana bizimlə danışmağa başlayandan göz yaşlarını saxlaya bilmirdi. Hər cümləni bitirdikcə, deyirdi ki, oğlumun sümüyünə qurban demişəm...

“Üst-başı qan içində gəldi” 

30 ildir oğul həsrəti çəkən ana oğlunu sonuncu dəfə Qarabağa yola salanda görüb:

“İlhamın babası axund olduğu üçün uşaq vaxtından Quranı ona öyrətdi. Sonra onu Nərimanov rayonunda məktəblərin birinə yazdırdıq. Onun 10-cu sinifdə oxumağı Qanlı Yanvar hadisələrinə təsadüf etdi və mən Bakıya oğlumu evimizə aparmağa gəldim.

Çatanda İlhamı tapmadım, gözlədim və axşamüstü üst-başı qan içində gəldi, dedi ki, yaralıları, meyitləri xəstəxanalara daşıyırlar. Oğlumu qucaqladım və dedim ki, səni evimizə aparmağa gəlmişəm. Yalvardı ki, iki gün vaxt verim şəhidlərin dəfn olunmasına kömək etsin, onu gözlədim və Neftçalaya qayıtdıq.

Daha sonra hərbi xidmətini Rusiyanın Sankt-Peterburq şəhərində çəkib. SSRİ dağılandan sonra qayıtdı. Gəlməmişdən əvvəl mənimlə danışdı. Həmin vaxt Qarabağda müharibə başlamışdı. İlhama dedim ki, anan qurban gəlmə, orada Şərqşünaslığı oxu. Mənə qulaq asmadı, “mən Qarabağa getməyə gəlirəm” dedi və qayıtdı.

Döyüşlərə könüllü getmək üçün yazıldı, iki dəfə onu getməyə qoymadım. Bir gün gəldi ağladı və mənə dedi ki, “ana, yaxşı iş görmürsən, məni cavanların arasında pərt edirsən”.

Fevral ayında Xocalı faciəsi baş verəndən sonra qərarını vermişdi və getmə vaxtını gözləyirdi. Hər evə gələndə deyirdi ki, mənə məktub gəlib? Bir gün hərbi xidmətə çağırış gəldi və sevinərək hazırlaşdı.

Mən də onunla hərbi komissarlığa getdim və öyrəndim ki, birbaşa Qarabağa aparırlar. Avtobusa minəndə “Ana nigaran qalma, gələcəyəm” dedi. Elə bil hiss etdim ki, bu, oğlumun son gedişidir və mən avtobusun arxasından yapışdım, xeyli süründüm. Gedəndən sonra döyüş yoldaşlarının birindən mənə məktub yollamışdı ki, bir aya qayıdacaq.

10, 15 gün oldu, gəlmədi...Mən də arxayınam ki, balam gələcək. Sentyabrda artıq balam yox imiş. Amma rayonda heç kimin cəsarəti çatmayıb ki, oğlumun olmadığını bizə desin. Mən də ərzaq hazırladım. Böyük oğlum, atası və mən getdik onu görməyə. Oğlum gəldi və mənə dedi ki, İlham yoxdur. Ondan sonrasını xatırlamıram... sən demə bir gecə də saçım ağarıb, qocalmışam... Oğlumun itkin düşməsindən yeddi aydan sonra həyat yoldaşım da onun dərdinə dözmədi...”.

Daha sonra bizə oğlundan geri qalan şəkilləri göstərir. 

Yalançı məzar, yarım metr kəfən...

Həmsöhbətim deyir ki, oğlunu axtarmaq üçün günlərlə, aylarla döyüş bölgəsində qalıb:

“Meyitlərin içinə girirdim və oğlumu axtarırdım. 15 gün əsgərlərlə hərbi hissədə qaldım ki, bəlkə meyiti tapılar, amma faydası olmadı... Bir dəfə olub ki, yolu azmışam və Horadizdən erməni tərəfə keçəndə geri qaytarıblar. Bilmirəm axı. Tanımıram. Əsgərlərə yalvarırdım ki, oğlumun artıq olmadığını bilirəm, amma meyitin götürsünlər. Son ümid yerim 1998-ci ildə Bərdədə naməlum əsgərlərin dəfn edildiyi yer idi. Ora getdim və şəkilləri göstərdilər, baxdım ki, İlhama aid məzar yoxdur”.

Ana deyir ki, oğlu üçün yalançı məzar düzəltdirib:

“Üç il bundan qabaq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat pul verildi. Oğlanlarım dedi ki, ana, o pulu evə gətirmə. Mən də həmin pulla oğluma məzar daşı düzəltdirdim, yarım metr kəfənə şəklini və köynəyini büküb basdırmışam. Yalançı qəbir düzəltdirdim ki, onunla təsəlli tapım”.

“Onun sümüklərinin tapılmasına qurban demişəm”

30 ildir ki, yuxuya həsrət olduğunu deyən ana bildirib ki, oğlunun olmadığını bilsə də, onu gözləyir:

“Xəstə olduğum üçün oğlanlarım məni Bakıya gətiriblər. O gün internetdə Fərrux dağında Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin aşkarlandığı yazılmışdı. Oğlum dedi ki, ana, ürəyin gələr baxmağa? Dedim ki, oğlumu axtaranda o qədər başsız, qolsuz bədən görmüşəm ki...

Ümidlə o sümüyün birinin mənim İlhamıma məxsus olacağını gözləyirəm. O vaxtı onun sağ gəlməsinə görə, qurban demişdim, amma gəlmədi. Bu xəbər oxuyandan sonra əlimi Allaha qaldırdım və dedim ki, mən onun sağlığına qurban demişdim, o qəbul olunmadı, amma indi onun sümüyünün tapılmasına qurban deyirəm. Artıq qurbanlıq qoyunu da aldırıb, həyətə qoydurmuşam”.

“Novruz bayramı gələndə hamı əzizlərinin qəbirüstünə gedir. Onlara həsrətlə baxıram. Məktəbə oğlumun şəklini vurublar, gedib, gül qoyub, qayıdıram. Həyətimizdə də onun adına bulaq düzəltdirmişəm. Ürəyim dolanda bulağın yanında otururam, oğlumla dərdləşirəm... Vətən müharibəsi başlayanda sevindim. Ümidim yarandı ki, oğlumun meyiti tapılacaq. İlahi, o sümüklərdən biri mənim balamın olsun və aparım onu basdırım. Bilərəm ki, oğlumun ruhu artıq rahatdır...”, - deyə ana əlavə edib.

Bənzər yazılar

0.23533487319946