2017-ci ilin mayında “Tərtər işi”nə görə saxlanılan və bir neçə gündən sonra ölüm xəbəri gələn hərbçilərdən biri Səxavət Binnətovun ailəsi kənddə ayrı-seçkiliyə məruz qalıb.
MillətinSəsi.info xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan bürosuna hərbçinin həyat yoldaşı və qardaşı bildirib.
34 yaşlı S. Binnətov mayın 8-də həbs edilib, 16-da isə onun işgəncələr nəticəsində öldürüldüyü məlum olub. Yaxınlarına və Tərtərin Cəmilli kənd camaatına onun vətən xaini olduğu deyilib. Buna görə də o, Cəmilli qəbiristanlığından kənarda dəfn edilib. 11 ay sonra hərbçinin evinə göndərilən bəraət kağızında yazılıb ki, onun vətənə xəyanət etməsi müəyyən edilməyib.
“Əllərini bağlayıblar, gözlərini də “skoç”layıblar. Matrası isladıblar, Səxavəti yıxıblar onun üstünə “tok”u verib, taxta parçası ilə də döyüblər. Bu, döyülmə kağızında var”, - hərbçinin həyat yoldaşı Xavər Haqverdiyeva bildirib.
Hərbçinin qardaşı Zaur Binnətov bildirib ki, dövlət orqanları onun cənazəsini nə kirayədə qaldığı evə, nə də ata yurduna gətiriblər. Gizlincə kənar yolla qəbiristanlığa aparıblar. Nə yoldaşı, nə də anası onunla vidalaşa bilib:
“Getdim ora çatdım ki, qəbir qazılıb. Yəni belə qazılıb: traktor dayanmışdı yanında, dərinliyi 3-3,5 metr olardı. Təcili tibbi yardım avtomobilinin qapısını açdım, özüm götürdüm. Tullamaq istəyirdilər ki, “bu vətən xainidir də, bunu tullayın”. Mən qoymadım. Mən özümü tulladım qəbirin içinə, tabutu bir tərəfindən özüm götürdüm... “Lapatka” ilə də torpaqlamaq yox, traktor kürüdü. İri daşlar idi, kərtənlər idi, tulladı üstünə. Yeri elədi dümdüz”.
Z. Binnətov deyib ki, qardaşının ölümündən sonra kənddə ayrı-seçkiliklə üzləşiblər. Onun sözlərinə görə, nə anasının iş yoldaşları, nə kənd camaatı, nə də yaxın qohumları yas mərasiminə gəlib. Qohumların çoxu hərbçi olduğuna görə çəkiniblər:
“Mən həmin vaxtlar taksi sürücüsü idim. Maşınıma heç kim oturmurdu. Hamı deyirdi ki, vətən xaininin qardaşıyam. Ona görə mən də maşını satdım. Heç kim salam vermirdi, heç kim görüşmürdü”.
X. Haqverdiyeva isə qeyd edir ki, qızları bir müddət məktəbə getməyib:
“Bir gün gördüm böyük qızım ağlaya-ağlaya məktəbdən gəlir. Dedi ki, “mama mən daha məktəbə getmiyəcəm. Uşaqlar mənə deyir ki, sənin atanın günahı yoxdursa, niyə “setka”dan kənarda basdırıblar. Deyirlər sənin atan erməniyə işləyir”.
“Azadlıq Radiosu”nun reportajını təqdim edirik: