Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirən RUSLAR KİMDİR?

 02-04-2022

Son zamanlar Rusiyada Bakı ilə Moskva arasında münasibətləri pozmağa çalışan bəzi psevdo siyasətçilərin aktivləşdiyi hiss olunur. Səbəb nədir?

1. Ölkədəki iqtisadi tənəzzülün fonunda “pay”larının artırmaq cəhdi,
2. Jirinovskinin boşalmaqda olan “müqəddəs yer”ini tutmaq yarışı,
3. Erməni havadarlarının sifarişlərinin icrası, 
4. Yoxsa beynəlxalq təzyiqlərin artdığı bir vaxtda Qərbin sifarişlərini yerinə yetirən fiqurlar üzə çıxıb? 

Bəs onda Kremil bu cür siyasətçilərə niyə loyallıq nümayiş etdirir? 

Düzdür, yaranmış durumla bağlı RF prezidentinin mətbuat sözçüsü Dmitri Peskov öz narahatçılığını ifadə edib. Bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da təkraralayıb.

Moskva bir az öncə əməkdaşlıq müqaviləsini təzələdiyi Azərbaycanla münasibətləri korlamaqda maraqlı deyil. Özü də onun üçün ağır olan bir siyasi-iqtisadi durumda, hər halda ağılabatan görünmür.

Onda əvvəlcə qaragüruh psevdo siyasətçilərin adlarına nəzər salaq:

Aleksandr Şerin: “Azərbaycan Rusiya ilə dost ola bilməz”

Belə bir iddia ilə nə az, nə çox, Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksandr Şerin çıxış edib: 

“SSRI-nin dağılandan sonra bu ərazidə yaranan yeni dövlətlərin hər biri öz yolunu tutub. Ermənistan Rusiya kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan isə bu quruma qəbul olmadı. Əksinə, Bakı NATO üzvü Türkiyə ilə ikitərəfli müqaviləyə qoşulub. Təkrar edirəm ki, Türkiyə nəinki bəzilərinin yayda istirahət etmək üçün getdiyi yer deyil, bu ölkə həmçinin bizim təyyarələri vurmaq barədə qərar qəbul edir. Türkiyə heç zaman Rusiyanın dostu olmayıb, dostu deyil və olmayacaq. Belədə, Türkiyə ilə hərbi alyansda olan istənilən ölkə də Rusiyaya dost ola bilməz. Bura Azərbaycan da daxildir”.

Mixail Delyaqin: “Azərbaycanı "cəzalandırmaq" üçün ölkənin neft obyektləri bombalanmalıdır” 

Belə bir avantüra ilə çıxış edən də Dumanın deputatıdır. Delyagin "Rossiya 24" televiziyasındakı çıxışında Azərbaycanı Türkiyədən asılı siyasət yeritməkdə qınayaraq "cəzalandırmaq" üçün ölkənin neft obyektlərinin bombalanmasını təklif edib. Bu qızışdırıcı ifadələrinə görə, Azərbaycanın müvafiq qurumları ona qarşı cinayət işi açıb.

Düzdür, sonradan Mixail Delyagini kamera qarşısına çıxarıb “itdən pis” elədilər. Peskov, Zaxarova və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Delyaginin açıqlamasının "iki dost ölkə arasında münasibətlərə zərər vura biləcəyini" vurğuladılar. Amma ox yayından artıq çıxmışdı.

Zatulinin erməni havadarları

Bu çirkin əməldə aktiv olanlardan biri də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulindir. O, dəfələrlə erməni lobbisinin sifarişi əsasında addımlar atmaqla Azərbaycan əleyhinə müxtəlif həqiqəti əks etdirməyən fikirlər səsləndirib. O da, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək verən psevdo siyasilərdəndir.

Amma bununla belə, istənilən halda ölkəmizə qarşı səslənən bu kimi qərəzli fikirlərlərin bir istinad yeri olmamış deyil.

Araşdırmalarımız zamanı müəyyən etdik ki, bu “rupor” siyasətçilərin bir qismi müxtəlif qaranlıq mənbələrdən maliyyələşirlər. Hətta ölkədəki ağır iqtisadi-siyasi durumdan istifadə edib, Qərbin sifarişinə uyğun olaraq, daxili stabilliyi pozmaq istəyən və az-çox hələ də dost olan ölkələrlə nifaq salmaq istəyən qüvvələr də var. 

Onların bir çoxu ermənilərlə iş birliyində fəaliyyət göstərir və Rusiyadakı erməni diasporunun sifarişlərinə müntəzirdirlər. Erməni diasporu isə Azərbaycanın üçtərəfli müqavilədə əksini tapan müddəalara əsasən son günlər atdığı qanuni addımlarından əndişələniblər. Ona görə də öz “danışan dilləri”nə çaşqınlıq yaratmaq üçün xüsusi sifarişlər veriblər.

Zatulin, Şerin, Deryaqin və s. bu kimiləri əslində bir barmaq işarəsi ilə susdurulacaq əhəmiyyətsiz fiqurlardır.

Onlar həm də Jirinoskinin yerinin boşaldığını hiss etdiklərindən, o “müqəddəs yer” uğrunda mübarizəyə qoşulublar. 

Amma milçək bir şey olmasa da varlığı könül bulandırır. Bu şəxslər Bakı ilə Moskva arasında mövcud olan sıx əlaqələrə, strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirmək, tarixən qorunub-saxlanılan və genişləndirilən münasibətlərin inkişafına zərbə vurmaq məqsədi daşıyırlar.

Kreml bu nüansları ciddi olaraq nəzərə almalıdır, çünki belə ağzı yava siyasətçilər ilk olaraq Rusiyanın maraqlarına ziyan vurur və məsələdə Qərbin dəsti-xətti hiss olunur.

Azərbaycan isə bütün danışıq və müqavilələrə sadiqlik nümayiş etdirdiyindən, özünə qarşı da eyni münasibəti tələb etməkdə haqlıdır. Tarixi demirik, tək müstəqilliyimizin 31 ilində heç kim dövlətimizi sazişlərə məsuliyyətsizlikdə, sözünə dönüklükdə və siyasətində ittiham edə bilməz. Çünki Azərbaycan buna heç bir əsas verməyib. 

Müəllif Rüfət Sultan

Mənbə bizim.media

Bənzər yazılar

0.46635293960571