Səfir Fergus Auld: “Böyük Britaniya regionda sülhün tez əldə olunmasını arzulayır”

 10-10-2022

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld oktyabrın 10-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib ki, Böyük Britaniya regionda sülhün tez əldə olunmasını arzulayır.

Səfir Fergus Auld görüşdə Azərbaycan dilində çıxış edib:

“Hörmətli cənab Prezident.

Əlahəzrət Kraliça II Elizabetin vəfatından sonra Azərbaycan xalqı adından başsağlığı vermək üçün səfirliyimizi ziyarət etdiyinizə görə Böyük Britaniya adından bir daha Sizə minnətdarlığımızı bildirmək istərdim.

Bu gün Gəncə şəhərinin məruz qaldığı dəhşətli raket hücumunun ikinci ildönümüdür. Həmin faciəli gündə həlak olanların ailələrinə başsağlığı vermək istərdim. Həmçinin iki il əvvəlki müharibədə və döyüşlər başa çatdıqdan sonra toqquşmalarda və mina partlayışları nəticəsində həyatını itirənlərin də yaxınlarına başsağlığımı çatdırmaq istərdim. Böyük Britaniya regionda sülhün mümkün qədər tez əldə olunmasını arzulayır.

Hörmətli cənab Prezident, Britaniya səfirliyində görüşərkən Sizə dediyim kimi, mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım. Sizin mənə söylədiyiniz kimi, bu öyrənmə Sizin mədəniyyətinizə dərin hörmətimi və böyük ölkənizi anlamaq istəyimi göstərdi. Xoş qarşılanmağım və xalqınızın qonaqpərvərliyi məni valeh etdi. Çox şadam ki, Azərbaycana səfir və dost kimi qayıdıram. Mən ümid edirəm ki, təzə bardağın suyu sərin olar”.

Prezident İlham Əliyev isə səfirin çıxışından sonra bunları deyib:

“Təşəkkür edirəm. Siz danışdıqca öz-özümə düşündüm, görün nə qədər yol qət etmişik ki, Britaniya səfiri azərbaycanca danışır, Azərbaycan Prezidenti isə ingiliscə danışır və bir-birimizi anlayırıq”.



Bənzər yazılar

0.21095108985901