Komando üzvü Zaur Gülqasımov: “Hadrutda düşmənlə yaxın məsafədə vuruşurduq, qarşımızda aciz qalmışdılar"

 09-10-2022

“Vətən müharibəsində Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənlə yaxın məsafədə vuruşurduq, qarşımızda aciz qalmışdılar”.

Bunu “Report”a açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) hərbi qulluqçusu Zaur Gülqasımov deyib.

O bildirib ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda “N” saylı hərbi hissədən Cəbrayıl rayonu istiqamətinə yollanıb və orada döyüşlərə qatılıb:

“Düşməni məhv edə-edə irəlilədik. Yuxarı komandanlığın əmri ilə Füzuli rayonunun Qarakollu kəndindən Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqmətinə hərəkətə keçdik. Hadrutda ermənilərin xeyli sayda canlı qüvvəsi vardı. Biz oktyabrın 7-də bura digər qruplarla birgə daxil olanda düşmən təşvişə düşdü, həyacan siqnalı verildi, onlar pərən-pərən oldular. Hadrut qəsəbəsində ağır döyüşlərimiz oldu. Düşmənlə yaxın məsafədə vuruşurduq. Burada ermənilərin canlı qüvvəsini, texnikasını məhv etdik. Sağ qalan erməni hərbçi isə silah-sursatını qorxaqcasına atıb qaçırdı. Onlar bizim qarşımızda aciz qalmışdılar. Oktyabrın 9-da Hadrut qəsəbəsini düşməndən azad etdik”.

Lakin döyüşlər bundan sonra da davam edib, ermənilər yenidən hücuma keçməyə çalışıb.

Z.Gülqasımovun sözlərinə görə, qədim Azərbaycan qəsəbəsi ermənilərdən təmizlədikdən sonra düşmənin diversiya qrupları əks-hücuma keçməyə cəhd göstərib:

“Erməni silahlı qüvvələri daha çox minaatanlardan istifadə edirdilər. Hadrut qəsəbəsinin daxilində belə minaatanlardan istifadə edirdilər. Lakin onlar Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədilər, yenə də düşməni məhv etdik, diversiya qrupunun hamısını zərərsizləşdirdik. Hadrutu azad edəndən sonra yuxarı komandanlıqdan növbəti tapşıq gəldi və biz Füzuli rayonunun Qarğabazar kəndi istiqamətinə yollandıq. Burada da ağır döyüşlərimiz oldu. Həmin vaxt düşmən yenə də minaatanlardan istifadə edirdi. Oktyabrın 22-də Qarğabazar kəndində döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisi nəticəsində qəlpə yarası aldım. Məni hospitala yerləşdirdilər. Müalicə olunduqdan sonra yenidən döyüşlərə qoşuldum, yoldaşlarımı bu haqq yolunda tək qoymadım. Tapşırıq isə Laçın istiqamətinə idi”.

Komando üzvü bildirib ki, Vətən müharibəsi zamanı 53 döyüş yoldaşı şəhidlik zirvəsinə ucalıb, bir neçəsi isə yaralanıb.

Döyüşçü hazırkı xidmət yerindən də danışıb:

“Hazırda Müdafiə Nazirliyinin Quru Qoşunlarının “N” saylı komando hərbi hissəsində xidmət edirəm. Xidmətimlə də qürur duyuram. Bu, mənim üçün böyük şərəfdir. Hərbi hissəmizdə gözəl şərait yaradılıb. Burada yüksək səviyyədə dərslər və təlimlər keçirilir”.

Z.Gülqasımov söyləyib ki, Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev onu 4 medalla mükafatlandırıb:

“Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam”.

Mərhəmət Səmədov da Vətən müharibəsi iştirakçısıdır, hazırda komando hərbi hissəsində xidmət edir. O deyib ki, Füzuli və Cəbrayıl rayonlarından döyüşə-döyüşə Hadrut qəsəbəsi istiqamətinə irəliləyiblər:

“Səhər saat 05 radələri idi, Hadrutda daxil olduq. Düşmənin xeyli sayda şəxsi heyətini və texnikasını darmadağın etdik. Digərləri isə döyüş meydanından qaçdılar. Buranı düşməndən tam təmizlədikdən sonra bizə tapşırıq gəldi ki, Füzuli rayonuda yerləşən Şabandağ istiqamətinə gedək. Biz orada ermənilərin əks-hücuma keçməyə cəhd edən canlı qüvvəsi və texnikasını pusquya salaraq məhv etdik. Burada bölmə komandirim leytenant Elçin Əsgərov şəhid oldu. Düşmənin atdığı mərmi ona dəydi. Yaralılarımız da oldu. Onları təxliyə etdikdən sonra yenidən irəliləməyə başladıq”.

Döyüşçünün sözlərinə görə, Füzuli rayonunun Qarğabazar kəndinin azadlığı uğrunda gedən döyüşlər zamanı düşmən Azərbayca Ordusunu pusquya salmağa cəhd edib:

“Lakin biz sağ və sol istiqamətlərdən manevr edərək erməniləri məhv etdik. Həmin vaxt düşmən snayperinin atdığı güllə nəticəsində yaralandım. Döyüş yoldaşlarım məni tez ərazidən təxliyə edib, xəstəxanaya apardılar və orada müalicə olundum”.

“Vətən müharibəsində xidmətlərimə görə, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm”, - M.Səmədov vurğulayıb.

Bənzər yazılar

0.15795803070068