Azərbaycan Ordusu strateji baxımdan olduqca mühüm əhəmiyyət daşıyan Fərrux dağını işğaldan azad etməklə yanaşı, həm də ermənilərin insanlığa sığmayan daha bir vəhşiliyinin üstünü açdı. Hərbçilərimizin ərazidə apardığı qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar edilib.
Bu kütləvi məzarlıqda tapılan insan sümükləri Birinci Qarabağ savaşında Fərrux dağı və eyni adlı kəndi düşmən işğalından müdafiə etmiş hərbçilərimizə məxsus olduğu ehtimal edilir.
Bu gün ölkəmizdə Birinci Qarabağ döyüşlərindən sonra Fərrux dağında itkin düşdüyü təxmin olunan hərbçilərimizin sayı kifayət qədərdir. Göygölün Balçılı kəndində yaşayan Məmmədovlar ailəsi də illərdir xəbər gözləyən soydaşlarımızdandır. Ailənin kiçik oğlu Elman Məmmədov 1992-ci ildə 24 yaşında düşmən işğalının qarşısını almaq üçün döyüşlərə qatılır. Bir müddət sonra Fərrux dağı ətrafında döyüşən Elmandan xəbər almaq mümkün olmur.
İtkin düşən hərbçimizin qardaşı Mehman Məmmədov deyir ki, sonuncu dəfə onun barəsində məlumatı Samux rayonundan olan əsgər yoldaşından alıb. Həmin şəxs Elmanla Fərrux dağında xidmət edib.
Onun sözlərinə görə, Fərrux dağının düşməndən təmizlənməsi onlarda da bir ümid yaradıb. Ən azından qardaşının cəsədinin qalıqları tapılar.
Oğul yolunu gözləyən analardan biri də 80 yaşına az qalan Tamam Namazovadır. Göygölün Qırıxlı kəndində yaşayan qadının sonuncu oğul övladı Pəhlivan Namazov Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak edib. Lakin ana elə bu döyüşlərdən sonra oğlunun nə ölüsü, nə də dirisindən bir xəbər ala bilib. İndi Tamam Namazovanın tək istəyi övladının taleyindən dəqiq xəbər almaqdır.
Artıq hər iki ailənin üzvlərindən DNT test analizləri götürülüb. Nəticələrlə bağlı, çox güman, yaxın müddətdə açıqlamalar veriləcək.