Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva forumun açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Dövlət başçısı forum iştirakçılarını salamlayıb: “Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz bu forumu burada - vaxtilə Ağdam şəhərinin yerləşdiyi yerdə təşkil etmişik. İndi gördüyünüz kimi, şəhərdən əsər-əlamət qalmayıb. Ağdam Qarabağın ən böyük şəhəri olub. O, Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal illərində dağıdılıb”.
Azərbaycan Prezidenti şəhərin işğal illərində tamamilə dağıdıldığını, tikililərin daşlarının oğurlandığını və satıldığını vurğulayıb: “Cümə məscidində ermənilər donuz, inək saxlayırdılar. Ağdamda gördüklərinizi Qarabağ regionunun hər bir şəhərində görmək olar”.
Prezident İlham Əliyev Füzuli, Cəbrayıl, Qubadlı şəhərlərinin də tamamilə dağıdıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir: “Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq. Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Bizim işğaldan azad etdiyimiz torpaqlarda mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb.”,- dövlətimizin başçısı qeyd edib.
Dövlətimizin başçısı qeyd edib ki, dağıdılan məscidlərdən ikisi Ağdamdadır və Şuşadakı bir məscid isə qismən dağıntılara məruz qalıb: “Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir."
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib: “Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Ağdam işğal illəri zamanı tamamilə məhv edilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edənlər erməni barbarlığının və vandalizminin miqyasından heyrətə gəlirlər”, - Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bir sıra xarici nümayəndə heyətləri və KİV nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər edib və ermənilərin orada törətdikləri bütün dağıntıları öz gözləri ilə görüblər.
“Erməni barbarlığının və vandalizminin miqyası o qədər heyrətamizdir ki, Azərbaycanın bu bölgəsinə səfər etmiş insanların çoxu özlərini mənəvi cəhətdən tükənmiş hiss edirlər. Siz Ağdamda, Füzulidə və işğal altında olmuş Azərbaycanın digər ərazilərində yaşayan azərbaycanlıların hansı hisslər keçirdiyini təsəvvür edə bilərsiniz. Onlar gəlib bir vaxtlar yaşadıqları evləri tapa bilmirlər, çünki işğal dövründə hər şey tamamilə dağıdılıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edənlər erməni barbarlığının və vandalizminin miqyasından heyrətə gəlirlər. Azərbaycan bir zamanlar işğal altında olmuş torpaqlarına güc yolu ilə və beynəlxalq hüquq əsasında qayıdıb və həmişəlik burada qalacaq. İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik."
Sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir.
“Artıq Böyük Qayıdış proqramı başlayıb. Bu ilin mayında Zəngilan rayonunda ilk kənd salınıb və ilk məcburi köçkünlər öz doğma yurdlarına qayıdıblar. Zəngilanda ilk məktəb açılıb və ilk gənclər də bu il həmin məktəbdə tədrisə başlayıblar. Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.
Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı. Beynəlxalq ictimaiyyət Azərbaycan əhalisinin başına gələn humanitar fəlakətə göz yumurdu.
ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə işğal olunmuş ərazilərə səfər ediblər, burada bütün şəhər və kəndlərin vəhşicəsinə viran edilməsinin, ermənilərin ərazilərimizdə qanunsuz məskunlaşmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. 27 illik qondarma fəaliyyəti ərzində Ermənistanı qınayan bircə söz belə deyilməmişdi.
İndi isə ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdlərini görəndə, əlbəttə ki, biz bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını yerinə yetirmək üçün heç nə etməyiblər. Etdikləri yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə leqallaşdırmaq, təcavüzkarla təcavüzün qurbanı arasında balans yaratmaqdır cəhdləri olub.
Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar”, - dövlət başçısı bildirib
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.
Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.