Ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Cam və onun atası, bankın Müşahidə Şurasının sabiq sədri Əli Camın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fuad Cam 13 il, Əli Cam isə səkkiz il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bir neçə il beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Cam Fuad Əli oğlu 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.
Bankın Müşahidə Şurasının sabiq sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.