Naxçıvanda məktəb binası çökdü: Ölənlər və yaralananlar var

 31-03-2022

Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində təmir zamanı bədbəxt hadisə baş verib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, köhnə məktəbdə inşaat işləri aparılan vaxt bina çöküb. 

Hadisə nəticəsində orada işləyənlərdən 3 nəfər ölüb, bir neçəsi yaralanıb.

Faktı təsdiqləyən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, ölənlər və yaralananlar arasında məktəbli yoxdur.

Baş Prokurorluğun Mətbuat Xidməti Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb. 

Qurumdan bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda Babək rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir.
 
“Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcək. Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.

Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur”, - məlumatda qeyd edilib.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi Babək rayonunun Nehrəm qəsəbəsində məktəb binasının çökməsi ilə əlaqədar məlumat yayıb.

MillətinSəsi.info xəbər verir ki, Nümayəndəliyin yaydığı məlumatda deyilir:

"Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə 2022-ci il martın 1-dən etibarən yenidənqurma işləri həyata keçirilir. 2022 - ci il 31 mart tarxində Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə tikinti işləri aparılarkən binanın bir divarınınçökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət alıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri barədə araşdırma aparılır”.

Bənzər yazılar

0.35427308082581