Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.
Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bundan başqa Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.
Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.
“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, - deyə nazirliyin yaydığı məlumatda qeyd edilib.