Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub.
Milletinsesi.info xəbər verir ki, dövlətimizin başçısı kəndə köçən sakinlər - Rasim Cavadovun və Kərəm Abbasovun evlərində olub.
Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonu Xanyurdu kəndinə köçən ilk sakinlərlə söhbətində deyib ki, keçmiş məcburi köçkünlər ən ağır vəziyyətdə yaşayanlardan olub, amma bütün bu otuz il ərzində öz iradəsini göstərərək inanıblar ki, bu tarixi gün gələcək və bu torpaqlara qayıdacaqlar.
Dövlət başçısı qeyd edib ki, həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı Azərbaycanın şanlı qələbələridir: “Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz”.
Prezident xatırladıb ki, məcbur köçkünlər uzun illər çətin şəraitdə yaşayıb - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə:
“Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.
İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz”.
Qeyd edək ki, Xanyurdu kəndi Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsinə daxildir.
Kənddə 40 fərdi ev artıq əsaslı bərpa olunub, ilin sonunadək daha 65 fərdi evin bərpası nəzərdə tutulub, 2026-cı ildə isə 93 fərdi ev təmir və bərpa olunacaq. Bu il iyulun 14-də 33 ailə, ümumilikdə 122 nəfər doğma Xanyurdu kəndinə qayıdıb.
Hazırda kəndin sosial infrastrukturunun müasir səviyyədə qurulması üçün zəruri işlər görülür. 14 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti təmir-bərpa edilib, sayğaclaşdırma prosesinə başlanılıb, 10 kilometrdən çox uzunluğu olan təbii qaz xətti çəkilib, 4 kilometr uzunluğunda mövcud xətt bərpa olunub, artezian quyusu, həcmi 400 kubmetr olan su anbarı və içməli su şəbəkəsi təmir edilib, 10,4 kilometr uzunluğunda rabitə xətti çəkilib, abonentlərin stasionar telefon, internet və İPTV xidmətləri ilə əhatə edilməsi təmin olunub.
İki kilometrdən çox uzunluğu olan kənddaxili yollar asfaltlanıb.
Ümumtəhsil müəssisəsinin binasının təmir-bərpası ilə bağlı hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulan bina əsaslı təmir edilir. Kənddə bir hektar sahədə istirahət parkı salınıb.