Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 34 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərdən 9 kiloqram, o cümlədən 4 kiloqram heroin, 1 kiloqram metamfetamin və 4 kiloqram marixuana aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Qeyd edilib ki, idarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı, ümumilikdə, 45 kiloqram, cümlədən 27 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 14 kiloqram marixuana, həmçinin 4 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən sonuncu faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.