Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetinin "Fəxri doktoru" adına layiq görülüb.
MillətinSəsi.İnfo xəbər verir ki, Texniki Universitetin rektoru Vilayət Vəliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara fəxri doktor diplomunu təqdim edib.
Ersin Tatar diploma görə Texniki Universitetin rektoruna təşəkkür edib.
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar "Fəxri doktor" adına layiq olması münasibətilə ilə Azərbaycan Texniki Universitetində keçirilən tədbirdə çıxışı zamanı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasına hər zaman dəstək göstərib və buna görə Azərbaycan dövlətinə, prezidentinə və xalqına təşəkkür edirəm.
O bildirib ki, türk dünyasının bir parçası olan ölkəsi müstəqillik əldə etmək yolunda inamla irəliləyir:
"Şimali Kipr Türk Respublikası Qafqazda, Anadoluda, Mərkəzi Asiyada bütün türk dünyasının şərəfidir, həssas nöqtəsidir. Bu gün elə bir dünyada yaşayırıq ki, Qəzzada, Suriyada, Ukraynada, İraqda yaşananlar göz qarşısındadır. Bu baxımdan, öz ölkələrimizlə qürur duymalıyıq.
Azərbaycan Texniki Universiteti tərəfindən fəxri doktor diplomuna layiq görülməyim mənim üçün qürurdur. Bu, Kiprlə Azərbaycan arasında münasibətlərin inkişafı üçün mühüm əhəmiyyət daşıyır".
O, buna görə Azərbaycan Respublikasına təşəkkür edib:
"Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında həm mədəni, həm turizm, həm təhsil, həm kənd təsərrüfatı sahəsində münasibətlər gələcəkdə də inkişaf edəcək. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri, eləcə də bizim də eyni münasibətdə olmağımız aramızdakı bağları daha da gücləndirib. Nəticədə münasibətlərimiz bir millət - üç dövlət səviyyəsinə yüksəlib".
"Sabah Şuşaya gedəcəyəm. Yenə də Prezident İlham Əliyevin dəvəti ilə Şimali Kipr Türk Respublikası Qarabağda olacaq. Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində müxtəlif mövzular müzakirə ediləcək. Dünyada müharibələrin getdiyi bir zamanda, İlham Əliyevin də dediyi kimi, türk dünyası olaraq daha da güclənmək və bir-birimizə sahib çıxmaq üçün gələcəyə əmin addımlarla irəliləməliyik", - deyə ŞKTR-nin dövlət başçısı fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.