“Xalq Bank” ASC “Antenn” Müstəqil Teleradio Kompaniyasına (radio "Antenn" 101 FM) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib.
Qeyd edək ki, “Xalq Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün bildirək ki, “Antenn” Müstəqil Teleradio Kompaniyası 01.06.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr., ev 189-da yerləşən şirkətin direktoru Əliyev Rüstəm Qədim oğludur.
Onu da qeyd edək ki, Əliyev Rüstəm Qədim oğlu eyni zamanda bir neçə şirkətin qanuni təmsilçisidir. Rüstəm Əliyevin qanuni təmsilçi olduğu şirkətlərdən biri “Digital Media” MMC-dir (“Medya FM” radiosu). Bu MMC 20.08.2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, M. Araz, ev 25A-da yerləşir.
Milli Televiziya və Radio Şurası hər iki şirkətə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verib. “Antenn” Müstəqil Teleradio Kompaniyası “101 FM”, "Digital Media" MMC isə “105,5 MHs” tezliyində yayımlanır.
Rüstəm Əliyevin qanuni təmsilçi olduğu daha bir şirkət “Abşeron Bio-Texnoloji” MMC-dir. Bu şirkət 08.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 130 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mir Cəlal, ev 87, m. 5-də yerləşir.
“Antenn” Müstəqil Teleradio Kompaniyasını məhkəməyə verən “Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. “Xalq Bank” ASC-nin səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “AMAL İnvest Qrup” MMC olub. “Xalq Bank” ASC-nin hesabatında hər iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.