Naxçıvan şəhərində bəzi yüksək mərtəbəli binalarda SU PROBLEMİ YAŞANIR: "Nasosları işə salmırlar, 9-cu mərtəbədə çömçəylə çimirik"

 26-09-2022

Naxçıvan şəhərində bəzi yüksək mərtəbəli binalarda su problemi yaşanır. Buraya əsasən, “57-ci məhəllə” adlanan ərazidəki 9 mərtəbəli binalar aiddir. Bu binalara verilən suyun təzyiqi aşağı olduğundan, su 7, 8 və 9-cu mərtəbələrə çatmır.

Bu barədə facebook sosial şəbəkəsində ">Gündəlik Naxçıvan səhifəsində həmin binaların sakinləri məlumat verib.

Şikayətçilər bildirib ki, təzyiqi artırmaq üçün onlara zirzəmidə nasosdan istifadə etməyə də icazə verilmir:

“Bir neçə il bundan əvvələ kimi zirzəmilərə nasoslar qoymuşduq. O zaman içməli sudan normal qaydada istifadə edə bilirdik. Yeni xətt çəkdilər və nasosları ləğv etdilər. Dedilər ki, bundan sonra təzyiq yaxşı olacaq, nasosa və hidrofora ehtiyac yoxdur. Ancaq, əksinə təzyiq daha da aşağı düşdü. O gündən bəri, illərdir ki, su problem yaşayırıq”.

Şikayətçi B. A. deyib ki, zirzəmidə icazə verilmədiyi üçün, məcbur qalıb nasosu evə qoyub. Bu üsul isə, elə də işə yaramır:

“Su bir az gələndə nasosun köməkliyi ilə evdəki su qablarını doldururuq. Çox zaman isə suyun təzyiqi aşağı olduğundan bu da alınmır. Təzyiq aşağı olduğu üçün qızdırıcı da çox zaman işləmir. İstədiyimiz zaman hamamdan istifadə edə bilmirik. Çox zaman çimmək üçün orta əsrdən qalma üsuldan istifadə etməli oluruq. Yəni qablara topladığımız suyu ocaqda qızdırıb, çömçəylə çimirik. Hərdən təzyiqi o qədər aşağı salırlar ki, 5-ci mərtəbədən yuxarı, ümumiyyətlə, su qalxmır”.

Şikayətçilər deyib ki, problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, heç bir cavab ala bilməyiblər:

“Sanki kimlərsə bu problemi süni şəkildə yaradır. Əslində şəhərin hər yerində su xətləri dəyişdirilib. Bir neçə istiqamətdən şəhəri təmin etmək üçün su çəkilib. Lakin hündürmərtəbəli binaların yuxarı mərtəbələrini su ilə təmin etmək üçün quraşdırılmış böyük nasosları işə salmırlar. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət olunsa da nəticəsi olmayıb”.

Bənzər yazılar

0.19849491119385