Müəllimlərin sertifikasiya imtahanı "səhnələşdirilmiş teatr tamaşası" olub?! - EKSPERTDƏN ŞOK İDDİA

 27-06-2025

"2025-ci il müəllimlərin sertifikasiya imtahanının təşkili ilə bağlı ortaya çıxan faktlar, sadəcə səhlənkarlıq deyil – bu, düşünülmüş və sistematik pozuntularla müşayiət olunan, etibarı və obyektivliyi yerlə bir edən bir fəlakətdir. İmtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub, konkret adamlara “yer saxlanılıb”, digərlərinə isə orada oturmağa icazə verilmir. Bu açıq-aşkar saxtakarlığa hazırlıqdır. Əgər bir imtahan zalında oturacaq yerlər belə əvvəlcədən bölüşdürülübsə, bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır".

MillətinSəsi.İnfo xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

kammrann

O, daha sonra qeyd edib:

"Bundan da biabırçısı – imtahan zamanı kompüterlərin “təsadüfən” sönməsi, donması və guya texniki problemlərlə nəticənin gecikdirilməsidir. Bu hallar tək-tük deyil, kütləvidir və məqsədli şəkildə aparıldığı açıq görünür. Texniki problem adı altında bəzi namizədlərə əlavə vaxt verilir, bəzilərinin isə diqqəti pozulur, nəticələrə ciddi təsir göstərilir. Bu vəziyyəti idarə edən qurum – imtahanı təşkil edən struktur – ya prosesi nəzarətsiz buraxıb, ya da bu xaosun içində öz maraqlarına xidmət edənlərə yol açıb.

İmtahanın təşkili bu qədər bərbad, ədalətsizlik bu qədər açıq-aşkar, təhlükəsizlik bu qədər zəif ola bilməz!

Gələcək nəsilləri onlara etibar etmək – bu ölkənin gələcəyini bilərəkdən qaranlığa sürükləməkdir.

Bu sadəcə bir imtahanın problemi deyil. Bu sistemin içində çürümüş, korrupsiyalaşmış, ədaləti tapdalanmış və saxtakarlığı normal hala çevirmiş mexanizmin ifşasıdır. Təşkilatçı qurum dərhal cavab verməli, məsul şəxslər ifşa olunmalı və nəticələr yenidən araşdırılmalıdır. Əks halda sertifikasiya adı altında keçirilən bu imtahanların heç bir mənəvi, hüquqi və pedaqoji legitimliyi qalmayacaq".

Sosial şəbəkədə yayılan suallardan imtahanda istifadə edilməyib (RƏSMİ)
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiya imtahanının suallarının əvvəlcədən yayılması ilə bağlı iddialara münasibət bildirib.
 
Qurumdan Qaynarinfo-ya daxil olan məlumatda qeyd olunur ki, son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır:
 
"İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib. Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur”.

Qeyd edək ki, son günlər keçirilən müəllimlərin sertikatlaşdırılması prosesindən ciddi narazılıqlar var. Sosial şəbəkələrdə müəllimlər tərəfindən imtahanlarla bağlı ittihamlar səslənir. Elm və təhsil naziri Emin Əmrullayev isə narazılıqlara münasibət bildirərək deyib ki, sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacaq.

Bənzər yazılar

0.078961133956909