“Sədərək Gömrük Məntəqəsi Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini iki aydır ki, birtərəfli qaydada məhdudlaşdırıb. Lakin, gediş-gəlişə nəzarət edən sərhəd xidməti əməkdaşlarına 200 manat "şirinlik" verməklə, bu məhdudiyyəti aradan qaldırmaq olar”.
Bu barədə yerli sakinlər facebook sosial şəbəkəsindəki "Gündəlik Naxçıvan" səhifəsinə məlumat veriblər.
Onlar iddia edirlər ki, bu işə Əlahiddə Sərhəd Diviziyasının kapitanı, nəzarət-buraxılış məntəqəsinin komandiri Eldar Əsədov nəzarət edir. Onun Baş nazir Əli Əsədovun yaxın qohumu olduğu deyilir.
İyunun 30-dan bəri Naxçıvandan Türkiyəyə quru yolla rəsmilər, bu ölkə ilə bağlı sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlar, tələbələr və yük daşıyan sürücülər buraxılır. Bu kriteriyalara cavab verməyən Azərbaycan vətəndaşlarının quru sərhəddi keçməsinə rəsmi qadağa qoyulub.
Babək rayon sakini Sahil Ağayev deyir ki, bu yaxınlarda təcili Türkiyəyə getməli olub. Təyyarəyə bilet tapa bilmədiyindən, qonşu ölkəyə getmək üçün yollar axtarıb:
"Mənə tanışlar dedi ki, get gömrüyə, hərbçilər həll edəcək. Getdim gömrüyə, Türkiyəyə keçmək üçün sərhədçilər məndən 200 manat istədilər. Dedim aşağı edin, dedilər ki, bizlik deyil, bu işə birbaşa Eldar Əsədov nəzarət edir. İşi belə sənədləşdirdilər ki, guya mənim Türkiyədə məhkəməm olacaq və bu səbəbdən oraya getməyim zəruridir. Daha sonra, buraxdılar getdim. Türkiyə tərəfində gediş-gəliş sərbəst olduğundan, o tərəfdə mənə söz deyən olmadı".
Ordubad rayon sakini Güloğlan Hacıyev isə deyir ki, sərhədçilər onu TIR sürücüsünün köməkçisi kimi Türkiyə tərəfə buraxıblar:
"Ailəlikcə Türkiyədə yaşayırıq, orada işləyirik. Sərhədlər bağlanmamış Naxçıvana gəlmişdim. Təyyarə ilə geri qayıtmaq çox baha başa gəlirdi, həm də bilet tapmaq olmurdu. Getdim gömrüyə, sərhədçilər sağ olsun, 200 manatımı alıb, buraxdılar. Sənədə yazdılar ki, guya sürücünün köməkçisiyəm. Tək mən deyiləm. Hər gün 10-larla adam bu yolla keçir".
Naxçıvan Əlahiddə Sərhəd Diviziyasından vətəndaşların iddiası ilə bağlı sualları cavablandırmaq istəməyiblər.