“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə başlayanda Avropa və Amerika fondları bu layihəyə maliyyə ayırmaqdan imtina etdilər. Biz isə qərara gəldik ki, bu işi öz vəsaitimizlə görəcəyik. Biz bu layihəni həyata keçirdik”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.
H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır:
“Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. Azərbaycan əraziləri işğal altında olarkən biz bağlantını münaqişənin həlli prosesinin bir hissəsi kimi müzakirə etdik. İndi münaqişə həll olunub. Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan regional müzakirələrin və əsas nəqliyyat əlaqələrinin bir hissəsi ola bilər. Hazırda Ermənistanla da müzakirə aparırıq. Regionda hər hansı bir marginalizasiya və təcrid niyyətimiz yoxdur, ancaq həm də Ermənistandan müəyyən gözləntilərimiz var”.
H.Hacıyev diqqətə çatdırıb ki, 30 il ərzində Ermənistan Azərbaycanın Naxçıvan bölgəsini blokada altında saxlayıb:
“İndi biz gözləyirik ki, Ermənistan ilk vacib addımı atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda dəhliz sözünə qarşı müəyyən qıcıqlanma hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, buna nə istəyirlərsə desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”.
Prezidentin köməkçisi bildirib ki, bölgədə dayanıqlı ticarət və nəqliyyat əlaqələrinin qurulması üçün əməkdaşlıq və tərəfdaşlıq əsas şərtdir. “Bizim investisiya imkanlarımız var və bölgədəki qardaş və tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edirik”,- deyə Hikmət Hacıyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan bütün əsas nəqliyyat infrastrukturunu Mərkəzi Asiya ölkələri ilə birləşdirib. H.Hacıyev bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə bölgədə üzərlərinə düşən işi yerinə yetirir və Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirirlər. O, həmçinin qeyd edib ki, Çin və Qırğızıstan hazırda 900 kilometrlik yeni dəmir yolu xətti inşa edirlər və bu infrastruktur Mərkəzi Asiyaya daha qısa marşrutla çıxış imkanı verəcək. Transxəzər vasitəsilə biz bu proseslərin hamısını bir-biri ilə əlaqələndiririk.
“Sualım budur ki, Avropa İttifaqı haradadır? Bəli, siz tərəfdaş kimi bizə qoşula bilərsiniz, amma hələ də Aİ-nin bu məsələdə nə istədiyi tam aydın deyil. Biz hələ də bunu görə bilmirik”, - deyə o vurğulayıb.